Sturtup Banner

Kəngərli rayonunun Qıvraq qəsəbəsində POS-terminallardan istifadə və elektron ödənişlər mövzusunda tədbir keçirilib

Rəqəmsal ödəniş Kəngərli

Kəngərli rayonunun Qıvraq qəsəbəsində sahibkarlar və qəsəbə sakinlərinin iştirakı ilə rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və POS-terminallardan istifadə mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşad Həsənzadə qeyd edib ki, nağdsız hesablaşmalar sahəsində görülmüş işlərin növbəti mərhələsi olan yeni proqramın məqsədi əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsindən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev bildiribdir ki, tədbirin keçirilməsində məqsəd 9 avqust 2019-cu il tarixdə Naxçıvan MR Ali Məclisinin Sədri tərəfindən “2019-2022- ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə” Proqramın təsdiqi ilə bağlıdır. Həmin proqrama uyğun olaraq görüləcək işlərlə bağlı tədbirlər planı təsdiq olunmuş və icra edilməsi üçün Vergilər Nazirliyinə də müvafiq işlər tapşırılıbdır.
Qeyd olunub ki, muxtar respublikanın rayonlarında POS-terminaldan istifadənin, habelə nağdsız əməliyyatların aparılmasının üstünlükləri barədə müxtəlif təşkilatların kollektivləri ilə maarifləndirici tədbirlərimiz mütamadi olaraq davam etdirilir, muxtar respublikamızda nağdsız dövriyyənin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər daima diqqət mərkəzində saxlanılır. “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın rayonlarında da keçirilir. Cari ilin sonunda da məhz, növbəti tirajın keçirilməsi nəzərdə tutlubdur.
Sonra Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Zahid Qənbərov bildirmişdir ki, 01 yanvar 2014-cü illə müqayisədə 01 iyun 2019-cu il tarixə əsas ödəniş alətlərindən olan POS-terminalların sayı 5 dəfədən çox artaraq 1276 ədəd, bankomatların sayı 19 ədəd artımla 111 ədəd, ödəniş kartlarının sayı isə 84814 ədəd artımla 270705 ədəd təşkil etmişdir.
Ötən dövr ərzində yeni ödəniş avadanlıqlarının tətbiqi sahəsində də işlər görülmüş, 01 iyun 2019-cu il tarixə muxtar respublikada quraşdırılan ödəniş terminallarının sayı 49 ədəd olmuşdur. Nağdsız dövriyyənin stimullaşdırılması istiqamətində aparılan maarifləndirici və stimullaşdırıcı tədbirlər öz müsbət nəticələrini göstərir. Belə ki, görülmüş tədbirlərin nəticəsində, muxtar respublika üzrə 2019-cu ilin 6 ayı ərzində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin həcmi 20 milyon 363 min 143 manata çatdırılmışdır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 235 min 433 manat çoxdur. Bu da aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin geniş əhali kütləsini əhatə etməsi deməkdir.
Nağdsız ödənişlərin inkişafı üçün lazımi infrastrukturun yaradılması ilə yanaşı maarifləndirici və həvəsləndirici tədbirlərin keçirilməsi də əhalini elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə sövq etmişdir.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və bukletlər paylanılmıbdır.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti