Sturtup Banner

Culfa Rayon Yaycı kəndində rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi mövzusunda tədbir keçirilmişdir

Rəqəmsal ödəniş Culfa rayonu Yaycı kəndi

Culfa Rayon Yaycı kəndində sahibkarlar və kart sahiblərinin iştirakı ilə rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd 9 avqust 2019-cu il tarixdə Naxçıvan Muxtar Respulikası Ali Məclisinin Sədri tərəfindən “2019-2022- ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə” Proqramın təsdiqi ilə bağlıdır. Həmin proqrama uyğun olaraq görüləcək işlərlə bağlı tədbirlər planı təsdiq olunmuş və icra edilməsi üçün digər orqanlarla yanaşı Vergilər Nazirliyinə də müvafiq işlər tapşırılmışdır.
Nəzərə çatdırılıb ki, muxtar respublikada istər vergi orqanları istərsədə bank orqanları tərəfdindən tikinti, ticarət, xidmət və s. sahələrdə POS-terminal aparatların quraşdırılması təmin edilmişdir. Həmçinin POS-terminalların tətbiqi əsasən vətəndaşlarımızın daha çox üz tutduqları iri ticarət, iaşə, digər xidmət sahələrində, o cümlədən sığorta haqqlarının ödənilməsi üçün Sığorta agentliklərində, inzibati cərimələri ödəmək üçün Dövlət Yol Polisi şöbələrində, kommunal xərclərin ödənilməsi üçün yerli poçt şöbələrində, şəxsiyyət vəsiqələrinin və xarici pasportlara ödənilən rüsum haqqlarının ödənilməsi üçün Daxili İşlər Nazirliyinin pasport qeydiyyat şöbələrində quraşdırılmışdır. Kənd yerlərində yaşayan vətəndaşlarımızın daha rahat ödənişini təmin etmək məqsədilə kənd mərkəzlərində fəaliyyət göstərən ticarət və eləcə də müasir dizaynla tikilib sakinlərin istifadəsinə verilən xidmət mərkəzlərində nağdsız ödənişlərin aparılması üçün POS-terminal aparatlarının quraşdırılmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Zahid Qənbərov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında nağdsız ödəniş infrastrukturunun yaradılması, əməliyyat həcminin artırılması, institusional mühitin yaradılması və rəqəmsal ödəniş xidmətlərindən istifadənin genişləndirilməsi məqsədilə 2013-2015-ci illəri əhatə edən Tədbirlər Planı və 2016-2018-ci illəri əhatə edən Proqramın tətbiqi bu sahədə mühüm irəliləyişlərin əldə edilməsinə imkan vermişdir.
Muxtar respublika üzrə 2019-cu ilin 6 ayı ərzində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin həcmi 20 milyon 363 min 143 manata çatdırılmışdır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 235 min 433 manat çoxdur. Nağdsız hesablaşmalar sahəsində görülmüş işlərin növbəti mərhələsi olan yeni proqramın məqsədi əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Qeyd olunub ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin onbirinci tirajında Culfa rayonunda yaşayan vətəndaşlarımız 69 adda müxtəlif məişət əşyaları hədiyyə ediblər.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və bukletlər paylanılmışdır. Qeyd edək ki, anoloji tədbir həmin gün Ordubad rayonunun Dəstə kəndində də keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti