Sturtup Banner

“Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin onbirinci tirajı keçirilib

11citirajNaxçıvan Muxtar Respublikasında artıq ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin onbirinci tirajının qalibləri müəyyənləşib. 1 yanvar 2019-cu il tarixdən 1 iyul 2019-cu il tarixədək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar. Hədiyyə alanlar arasında Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarının sakinləri də vardır.

     25 iyul 2019-ci il tarixdə Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq həvəsləndirici tədbirlər davam etdirilir. Məhz bu gün keçirilən tədbir də elə bununla əlaqədardır. Nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində 01 iyul 2019-cu il tarixə muxtar respublikanın ticarət və iaşə obyektlərinə 1276 ədəd POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılmışdır. Qeyd olunub ki, Muxtar Respublika ərazisində quraşdırılan POS-terminallar əsasən vətəndaşların daha çox üz tutduqları ticarət, iaşə, digər xidmət sahələrində, o cümlədən sığorta haqlarının ödənilməsi üçün sığorta agentliklərində, inzibati cərimələri ödəmək üçün Dövlət Yol Polisi şöbələrində, kommunal xərclərin ödənilməsi üçün yerli poçt şöbələrində, şəxsiyyət vəsiqələrinin və xarici pasportlara ödənilən rüsum haqqlarının ödənilməsi üçün Daxili İşlər Nazirliyinin pasport qeydiyyat şöbələrində quraşdırılmışdır. Kənd mərkəzlərində yaşayan vətəndaşlarımızın daha rahat ödənişini təmin etmək məqsədilə kənd mərkəzlərində fəaliyyət göstərən ticarət və eləcə də müasir şəraitdə tikilib istifadəyə verilən xidmət mərkəzlərinin tam böyük əksəriyyətində nağdsız ödənişlərin aparılması üçün POS-terminal aparatları quraşdırılmışdır.

     Bildirilib ki, nağdsız dövriyyənin stimullaşdırılması istiqamətində aparılan maarifləndirici və stimullaşdırıcı tədbirlər öz müsbət nəticələrini göstərir. Belə ki, görülmüş tədbirlərin nəticəsində, muxtar respublika üzrə 2019-cu ilin 6 ayı ərzində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin həcmi 20 milyon 363 min 143 manata çatdırılmışdır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 235 min 433 manat çoxdur. Bu da aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin geniş əhali kütləsini əhatə etməsi deməkdir. Belə stimullaşdırıcı tədbirlər 2014-cü ildən keçirilir və ümumilikdə keçirilmiş 10 tirajda 2179 vətəndaşa 140 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.

11citiraj 211citiraj 3


11citiraj 4
     Hər 6 ayda bir dəfə keçirilən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin məhz bugün baş tutan 11-ci tirajında ümumilikdə 398 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim ediləcəkdir.

    Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli qeyd edib ki, müasir dövrdə maliyyə infrastrukturunun əsas tərkib hissələrindən biri olan elektron ödəniş sistemi maliyyə sabitliyinin və ümumi iqtisadi inkişafın təminatında mühüm əhəmiyyət kəsb edir.
Sonra Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Mübariz Əhmədov hədiyyə qazananların adını elan etməklə hədiyyələrin təqdim edilməsi mərasimi keçirilmişdir. Bu hədiyyələr 400 manatdan yuxarı həcmdə nağdsız ödənişlər edən şəxslərə üç meyar əsasında müəyyənləşdirilib. Belə ki, muxtar respublikamızın bütün şəhər və rayonlarını əhatə etməklə 398 şəxs o cümlədən Naxçıvan şəhəri üzrə 72 vətəndaşa dəyərli hədiyyələr təqdim edilmişdir. Qeyd olunub ki, Naxçıvan MR Vergilər Nazirliyinin və Mərkəzi Bankın birgə apardığı mütəmadi maarifləndirmə işlərinin nəticəsidir ki, Naxçıvan şəhəri üzrə hədiyyə qazanmış şəxslər təhsil, səhiyyə mədəniyyət işçisi, dövlət qulluğunun ayrı-ayrı sahələrində şalışan işçilər, müxtəlif təşkilatlarda çalışan texniki inzibati xidməti işçilər, hüquq mühafizə orqanlarının və özəl sahələrdə çalışan müxtəlif peşə yönümlü işçilər əhatə edir.

     Həmin gün Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın Şərur, Sədərək, Kəngərli rayonlarında da nağdsız ödənişlərdə fəallıq göstərmiş vətəndaşlara hədiyyələrin təqdim olunması tədbirləri keçirilib. Qeyd edək ki, analoji tədbirlər 26 iyul 2019-ci il tarixdə Babək, Culfa, Ordubad və Şahbuz rayonlarında da keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti