Sturtup Banner

muracietbanner

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində kollegiya iclası keçirilib

kollegiya2019Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən 2019-cu ilin birinci yarımilliyində görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qarşıya qoyulan vəzifələr haqqında kollegiya iclası keçirilmişdir. Kollegiya iclasını giriş sözü ilə Vergilər naziri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev açaraq bildirmişdir ki, 2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikamızın iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi göstəricilərin 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artımında, muxtar respublika iqtisadiyyatında dinamik və davamlı inkişafın qorunub saxlanmasında dövlət vergi orqanlarının da mühüm rolu olmuşdur. Belə ki, iqtisadi inkişafın nəticəsi olaraq, hesabat dövründə Naxçıvan Mux¬tar Respublikasının Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoza 108,7 faiz icra edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,8 faiz çoxdur.

     Bildirilib ki, ümumilikdə muxtar respublika üzrə daxil olmuş vəsaitlərin 36,8 faizi dövlət sektorunun, 63,2 faizi isə özəl sektorun payına düşür. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 20 min 300 manat və ya 20,6 faiz artmışdır.

     Diqqətə çatdırılıb ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına, habelə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqqının yığılmasına və ödənilməsinə nəzarət Vergilər Nazirliyinə həvalə edilmişdir. Bununla əlaqədar nazirliyin və yerli vergi orqanlarının ştat cədvəllərində və strukturunda dəyişiklik edildiyindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 18 nəfər işçisi müsahibə yolu ilə vergi orqanlarına xidmətə qəbul edilmiş, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqqı üzrə məlumat bazasının Vergilər Nazirliyinin AVİS proqramına inteqrasiya edilməsi başa çatdırılmışdır.

     Vurğulanıb ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə toplanan vəsait 144,8 faiz, Naxçıvan Muxtar Respublikasının İşsizlikdən Sığorta Fondunun büdcəsinə toplanan vəsait 139,5 faiz icra olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta haqları 4 milyon 277 min manat və ya 12,3 faiz, işsizlikdən sığorta haqqı isə 134 min manat və ya 14,1 faiz artıq olmuşdur.
Bildirilib ki, proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilmişdir. Vergi borclarının alınması sahəsində nəzarətin gücləndirilməsi və aparılmış maarifləndirmə və məlumatlandırma tədbirləri nəticəsində Vergilər Nazirliyi 2019-cu ilin birinci yarımilini də vergi borcu olmadan başa vurmuşdur. Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsi ilə hesabat dövrü ərzində 20 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınmışdır. Həmçinin bu dövrdə 2327 fiziki şəxs sahibkarlıq uçotuna alınmışdır. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 72,7 faizi muxtar respublikanın rayonlarının payına düşmüşdür ki, bu da muxtar respublikada özəl sektorun inkişafına göstərilən qayğının nəticəsidir. Hesabat dövrü ərzində 49 nəfərə növbəti xüsusi rütbə verilmiş, 4 nəfər vəzifəli şəxs işdən azad olunmuşdur.

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiqtəşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının və “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” 2019-cu il 15 aprel tarixdə keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar olaraq tələbələrin startap layihələrinin dəyərləndirilməsi məqsədi ilə Vergilər Nazirliyinin ekspert qrupu yaradılmışdır. Hamiliyə götürülmüş “Naxçıvan” Universitetinin və Naxçıvan Dövlət Universitetinin iqtisad fakultəsinin tələbələri ilə Vergilər Nazirliyinin binasında görüş keçirilmiş, qarşıda duran məsələlər ətraflı müzakirə edilmişdir. Bu istiqamətdə tədbirlərimiz davam etdirilir.
kollegiya2019 2
     Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən işə tələbkarlığın artırılması, nizam-intizama əməl edilməsi, qarşıya qoyulmuş vəzifələrin vaxtında icra olunması, bütün tədiyə növləri üzrə vergi və rüsumların vaxtında ödənilməsi, nağdsız ödənişlərin əhatə dairəsinin və həcminin artırılması məqsədilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birgə keçirilən tədbirlərin davamlılığına nail olunması Nazirlik qarşısında bir vəzifə olaraq qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi qarşısına qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşaraq, onların icrasının təmin edilməsi istiqamətində bütün tədbirləri həyata keçirəcəkdir.

     İclasda çıxış edən Vergilər nazirinin müavini baş vergi xidməti müşaviri Fərrux Əkbərov qeyd etmişdir ki, hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən fiziki və hüquqi şəxslər tərəfindən daxil olmuş 2621 yazılı müraciət cavablandırılmış, vergi ödəyicilərinin və eyni zamanda muxtar respublika sakinlərinin maarifləndirilməsi istiqamətində vergi ödəyiciləri ilə 11, həmçinin bələdiyyələrlə 1 görüş keçirilmişdir. Vergi ödəyicilərinin maarifləndirilməsi məqsədi ilə onların elektron ünvanına ümümilikdə 66 min 775 ədəd bildiriş və müraciətlər göndərilmişdir.

     Vergilər Nazirliyinin kollektivi beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən qarşımıza qoyulan vəzifələrin icrasına daha da məsuliyyətlə yanaşacaq, bu istiqamətdə bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.
Məruzə ətrafında Şərur Rayon Vergilər İdarəsinin rəisi - vergi xidməti müşaviri Rəfail Əliyev və Babək Rayon Vergilər İdarəsinin rəisi- baş vergi xidməti müşaviri Səftər Əliyarov çıxış edərək 2019-cu ilin birinci yarımili ərzində görülən işlər barədə məlumat veriblər.


Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti