Sturtup Banner

“Nağdsız ödəyin, hədiyyə qazanın”!

nagdsizodehediyye

Nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində 01 may  2019- cu il tarixə muxtar respublikanın ticarət və iaşə obyektlərinə 1275 ədəd POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılmışdır ki, bu POS-terminalların 575 ədədi Naxçıvan şəhərində, 211 ədədi Şərur rayonunda, 89 ədədi Babək rayonunda, 84 ədədi Ordubad rayonunda, 154 ədədi Culfa rayonunda, 65 ədədi Şahbuz rayonunda, 73 ədədi Kəngərli rayonunda, 24 ədədi isə Sədərək rayonunda fəaliyyət göstərməkdədir. Muxtar respublika ərazisində quraşdırılan POS-terminallar əsasən vətəndaşların daha çox üz tutduqları ticarət, iaşə, digər xidmət sahələrində, o cümlədən sığorta haqlarının ödənilməsi üçün sığorta agentliklərində, inzibati cərimələri ödəmək üçün Dövlət Yol Polisi şöbələrində, kommunal xərclərin ödənilməsi üçün yerli poçt şöbələrində, şəxsiyyət vəsiqələrinin və xarici pasportlara ödənilən rüsum haqlarının ödənilməsi üçün Daxili İşlər Nazirliyinin pasport qeydiyyat şöbələrində quraşdırılmışdır. Kənd yerlərində  yaşayan vətəndaşlarımızın daha rahat ödənişini təmin etmək məqsədilə yeni və müasir dizaynla inşa edilərək sakinlərin   istifadəsinə  verilən xidmət mərkəzlərində və poçt şöbələrində nağdsız ödənişlərin aparılması üçün POS-terminal aparatları quraşdırılmışdır. Nağdsız ödəniş infrastrukturunun tərkib hissələri olan bankomatların sayı 1 may 2019-cu il  tarixinə 111 olmaqla, Naxçıvan şəhərində 57-yə,  rayon və kənd mərkəzlərində 54-ə, ödəniş kartlarının sayı muxtar respublika üzrə 270 min 606 ədədə çatdırılıb. Nağdsız ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 956 min 095 manat və ya 7,8 faiz, o cümlədən aprel ayı üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 574 min 556 manat və ya 19 faiz artıq olmuşdur.

Qeyd edək ki, 2014-cü il  yanvarın 30-da Naxçıvan Muxtar Respublikası  Ali Məclisində keçirilən müşavirədə Ali Məclisin Sədri “Nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan səmərəli istifadəni təmin etmək barədə tapşırıq vermişdir. 2016-cı il martın 2-də Ali Məclisin Sədrinin   imzaladığı Sərəncamla təsdiq edilən “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Vergilər Nazirliyinə nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlərin keçirilməsi tapşırılmışdır. Belə ki, 2014-cu ildən başlayaraq ildə iki dəfə olmaqla  “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirlər keçirilir və tapşırıqların icrasının davamı olaraq cari ildə də növbəti tirajların keçirilməsi nəzərdə tutulubdur. Hədiyyə qazananları təyin etmək üçün bank orqanlarından nağdsız ödənişlər edən şəxslər barədə müvafiq məlumatlar alınır və aparılan  araşdırma nəticəsində bir sıra amillər nəzərə alınmaqla hədiyyələrin seçilməsi meyarları  aşağıdakı kimi müəyyən edilir:

-1-ci meyar  üzrə, 400-manatdan 601-manatadək nağdsız əməliyat aparan şəxslərə,

-2-ci meyar üzrə  601-manatdan 801-manatadək nağdsız əməliyat aparan şəxslərə,

-3-cü meyar üzrə 801-manatdan çox nağdsız əməliyat aparan şəxslərə hədiyyələr təqdim olunacaqdır.

Nəzərə çatdırmaq lazımdır ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın rayonlarında da keçirilir. Muxtar respublikanın bütün sakinləri keçirilən tirajlardan  yararlanaraq müxtəlif qiymətli hədiyyələr əldə edə bilirlər.  Belə stimullaşdırıcı tədbirlər 2014-cü ildən keçirilir və ümumilikdə keçirilmiş 10 tirajda 2179 vətəndaşa 140 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti