Sturtup Banner

muracietbanner

“Nəbatət” bağı ziyarət olunmuşdur

nebatetbagi

“Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq dövlət orqanları işçilərinin muzeylərə kollektiv ziyarəti təşkil olunur. Bu tədbirlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliğ olunmasına daha geniş imkanlar yaradır.
27 aprel 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin kollektivi Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında salınmış “Nəbatət” bağını ziyarət ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov bildirmişdir ki, AMEA Naxçıvan Bölməsinin Nəbatət bağı 2003-cü ildə Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında salınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun göstərişi ilə bu bağ Muxtar Respublikanın muzeyləri siyahısına daxil edilmişdir.
Qeyd edilmişdir ki, “Nəbatət” bağın təcrübə sahəsi 13,2 hektardır. Burada dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından toplanılan ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik 200-dən çox ağac, kol, meyvə, giləmeyvə, üzüm sortları, dekorativ bitkilər, tropik və subtropik bitki nümunələri, dərman və digər bitkilər əkilərək tədqiq olunur. Həmçinin Qafqaz, Aralıq dənizi, Cənub-Şərqi Asiya, Şimalı Amerika mənşəli bitkilər əkilərək introduksiya olunur.
Burada da ayrı-ayrı iqlim qurşaqlarına uyğun olan tropik, subtropik, ekvatorial və digər bitki növləri nümayiş etdirilir. “Nəbatət” bağının ərazisində nadir bitkilər kolleksiyası sahəsi də fəaliyyət göstərir. Burada Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş 43 geofit bitki becərilir. Bundan başqa Gürcüstan, Türkiyə və Rusiya Botanika bağlarından gətirilən 68 ağac, kol və dekorativ bitkilərin növ tərkibi də öyrənilir.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti