Sturtup Banner

Əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi

emekmuqavileƏmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində müvafiq bildirişin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin qanunla əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifəsi kimi müəyyən edilmişdir.

     Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin elektron imzası olmalıdır. Vergi ödəyiciləri elektron imza almaq üçün “Naxçıvanpoçt” MMC-nin rayon filiallarına müraciət edə bilərlər. Bundan sonra əmək müqavilələri elektron informasiya sisteminə daxil edilə bilər.

     Vergilər Nazirliyi vergi ödəyicilərinin nəzərinə çatdırır ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

     Vətəndaşların nəzərinə çatdırırıq ki, əməkhaqlarının leqallaşdırılması ilk növbədə onların sosial maraqlarının təmin olunmasına yönəldilmişdir və vətəndaşlar işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar.

     İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalınız rəsmi əmək haqqı ödəməyi tələb etməklə hər bir vətəndaş özünün firavan gələcəyini indidən düşünmüş olacaq. Unutmayın ki, sizlərə ödənilən rəsmi əmək haqları - sabah üçün sabit sosial təminatınızın təməlini qoyur! 

     Əlavə məlumatı www.taxes.gov.az və www.vergi.nakhchivan.az saytlarından, vergi orqanlarının vergi ödəyicilərinə xidmət şöbə və bölmələrindən və “195” Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Şərur Rayon Vergilər İdarəsi