Sturtup Banner

Kəngərli rayonunda 105 nəfər sosial sığorta şəhadətnaməsi ilə təmin olunub

kengerlidsmf Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon şöbəsi tərəfindən Kəngərli rayon Təhsil şöbəsinin iclas zalında yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnamələrinin təqdim edilməsi və fərdi uçotun təşkili sahəsində maarifləndirici tədbir keçirilib. 
Tədbiri Kəngərli rayon İcra Hakimiyyətinin əməkdaşı Əsgər Quliyev açaraq tədbirin əhəmiyyəti barədə geniş məlumat vermişdir.

     Tədbirdə Fondun Kəngərli rayon şöbəsinin müdiri Aqşin Əliyev qeyd etmişdir ki, şöbə rayonda əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını qanunvericiliyə uyğun həyata keçirmişdir. Həmçinin şöbənin müdiri bildirmişdir ki, işləyən hər bir vətəndaş fərdi uçot sistemində qeydiyyata alınaraq, onlara uçot dövründə daimi sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır. Bununla da istənilən sığortaolunan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı əldə edir. Bu sistem şəffaflığın daha da artırılmasına gətirib çıxartmaqla yanaşı, işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə də imkan verir. 

     Tədbirdə Kəngərli rayon Vergilər şöbəsinin bölmə rəisi Cahangir Hüseynov çıxış edərək “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Həmçinin qeyd etmişdir ki, hər bir işləyən vətəndaş fəaliyyət göstərdiyi təşkilatda əməkhaqqının düzgün göstərilməsində, sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır. Məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməklə sığortaolunanlar gələcəkdə baş verə biləcək sosial sığorta hadisələrindən sığortalanmış olacaqlar.

     Tədbirdə şöbənin Sosial sığorta sektorunun müdiri Qulam Novruzov fərdi uçot sistemində elektron xidmətlərin tətbiqi barədə təbliğat işlərinin aparılması, rayonda vətəndaşların maarifləndirilməsi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olan sığortaedənlər “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən istifadə etməklə fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər.
2019-cu ilin ötən dövrü ərzində Kəngərli rayonu üzrə yeni əmək fəaliyyətinə başlayan 105 nəfər sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilmişdir. Bunlardan 70 sığortaolunan müəssisə və təşkilatlarda çalışanlar, 35 nəfər isə fiziki şəxslər olmuşdur.

     Tədbirin sonunda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

"NAXCİVANXEBERLERİ.COM"