Naxçıvan MR Vergilər Nazirliyinə müraciət

Naxçıvan MR Vergilər Nazirliyinə müraciət

Naxçıvan MR Vergilər Nazirliyinə göndərdiyiniz ismarıc qeydə alındı. Sizinlə tezliklə əlaqə yaradılacaq.

Muxtar respublikanın uğurlu iqtisadi inkişafı vergilər üzrə proqnozların icrasını təmin edir

mrinkisafÜmummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası muxtar respublikamızda uğurla davam etdirilir. Muxtar respublikanın blokadada olmasına baxmayaraq idarəetmənin düzgün təşkili, iqtisadiyyatın şaxələndirilməsi, sağlam və əlverişli biznes mühitinin formalaşdırılması və kadr potensialından səmərəli istifadə edilməsi makroiqtisadi göstəricilərin artımı ilə müşayiət olunmaqda davam edir.
Bu gün Naxçıvanda sənayenin sürətlə inkişafının şahidiyik: plastik su boruları, plastik və alüminium qapı və pəncərə blokları, millər və profillər, monosap, sement, gips, gips lövhələr, üzlük daş, metaləritmə, avtomobil və digər yüzlərlə yeni məhsul istehsalı sahələrinin yaradılması əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin yaradılmasına və işçilərin pul gəlirlərinin artmasına səbəb olmuşdur. Lakin blokadanın yaratdığı elə amillər vardır ki, onlar muxtar respublika iqtisadiyyatına ziyan vurur, sahibkarlığın inkişafını ləngidir, müəssisələrin rentabellik səviyyəsini aşağı salır.
Muxtar respublikanın ölkənin digər regionlarından ayrı düşməsi, birbaşa əlaqənin olmaması və qonşu dövlətlərin ərazisindən keçməklə məhsulların satış üçün ölkə bazarına çıxarılması zamanı ödənilən rüsumlar məhsulların maya dəyərinin yüksək olmasına və oxşar, eynicinsli məhsulların ölkənin digər regionlarında istehsal olunan məhsullarla müqayisədə qiymətlərinin yuxarı olmasına səbəb olur. Təbii ki, bu amillər həmin məhsulların satışında obyektiv çətinliklər yaradaraq bazar şəraitində rəqabətə mənfi təsir göstərir. Nəticədə satışın həcmi və müəssisələrin gəliri və ya mənfəəti azalır ki, bu da gəlir və ya mənfəət vergisi üzrə vergi daxilolmalarında öz əksini tapmış olur, habelə muxtar respublikada istehsal olunan məhsulların ölkə bazarında satış imkanları məhdudlaşır. Bundan başqa ölkənin digər bölgələrindən muxtar respublikaya gətirilən malların da yuxarıda qeyd etdiyimiz səbəblərdən maya dəyəri yüksək olur ki, bu da muxtar respublikada qiymətlərin artımı ilə nəticələnir.
Təəssüf ki, ölkəmizdə sahibkarlığın inkişafına dair normativ-hüquqi sənədlərdə vergi güzəştlərinin verilməsi sahəsində muxtar respublikanın yerləşdiyi coğrafi şərait: onun Ermənistan tərəfindən blokadada saxlanılması və yuxarıda sadaladığımız amillər nəzərə alınmır. Bu və digər oxşar məsələlərin qanunvericilikdə nəzərə alınması muxtar respublikada sahibkarlığın inkişafının dəfələrlə sürətlənməsinə və müəssisələrin sərəncamında qalan mənfəətinin sərmayə qoyuluşu şəklində maddi-texniki bazanın daha da yaxşılaşdırılmasına yönəldiləcək hissəsinin artımına səbəb olmuş olardı. Muxtar respublikada iqtisadi inkişafı görmək istəməyənlər öz enerjilərini bu istiqamətə yönəltsəydilər blokadanın fəsadları qismən də olsa yüngülləşərdi.
Lakin blokadanın mənfi təsirlərinə baxmayaraq muxtar respublika iqtisadiyyatı ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji inkişaf hədəflərinə çatmaq üçün uğurla inkişaf etdirilir. Muxtar respublika sürətlə sənaye mərkəzinə çevrilir. 383 növ məhsul istehsalına nail olmaqla daxili tələbatın tam ödənilməsi və idxaldan asılılığın aradan qaldırılması istiqamətində görülən tədbirlərlə yanaşı, ixrac missiyalarının təşkili, xaricdə keçirilən tədbirlərdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli və yüksəkkeyfiyyətli məhsulların istehsalında sahibkarlara güclü dövlət dəstəyi öz bəhrəsini verməkdədir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə 2018-ci ildə bütün makroiqtisadi göstəricilərin artımına nail olunmuşdur. Başlıca makroiqtisadi göstərici olan ümumi daxili məhsul istehsalı 2 milyard 773 milyon manat təşkil etmişdir ki, bu da 2017-ci illə müqayisədə 1,3 faiz çoxdur. Ümumi daxili məhsulun sahə strukturunda sənaye məhsulları istehsalı 990,1 milyon manat təşkil etməklə 2017-ci illə müqayisədə 1,3 faiz çox olmuşdur.
Ümumi daxili məhsulda qeyri-dövlət bölməsinin payı 2008-ci ilə nisbətən 2018-ci ildə müvafiq olaraq sənaye üzrə 83,5 faizdən 95,7 faizədək, kənd təsərrüfatı üzrə 96,9 faizdən 98,4 faizədək, informasiya və rabitə üzrə 79,9 faizdən 80,4 faizədək, yaşayışın təşkili və ictimai iaşə üzrə 99,2 faizdən 100 faizədək yüksəlmişdir. Sadaladığımız göstəricilər üzrə 2019-cu ilin yanvar-fevral aylarında da 2018-ci ilin müvafiq dövrünə və 10 il bundan əvvələ nisbətən artım müşahidə olunmuşdur.
Özəl sektorun sürətli inkişafı vergi daxilolmalarına öz müsbət təsirini göstərmiş, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz 116,8 faiz icra edilmişdir ki, bu da 2017-ci illə müqayisədə 10,9 faiz çoxdur. Müəyyənləşdirilmiş proqnoz göstəricilərinə bütün rayonlar üzrə, həm 2018-ci il, həm də 2019-ci ilin yanvar-fevral ayları ərzində artıqlaması ilə əməl edilmişdir. Özəl sektor üzrə vergi daxilolmaları 2018-ci ildə 2017-ci illə müqayisədə 6 milyon 395 min manat, yaxud 10 il əvvəllə müqayisədə 19 milyon 251 min manat və ya 67 faiz artmışdır. Təkcə son 10 il ərzində 315 kommersiya və 19 min 754 fiziki şəxs qeydiyyata alınmışdır ki, bu da muxtar respublikamızda sahibkarlığa dövlət dəstəyinin bariz nümunəsidir. Bir sözlə, bütün bunlar muxtar respublikamızda iqtisadi inkişafın davamlı xarakter aldığını göstərir. Ölkə Prezidenti İlham Əliyev Naxçıvana səfəri zamanı bu uğurları görərək demişdir: “Sadəcə olaraq mən öz təəssüratlarımı, öz sevincimi ifadə etmək istəyirəm ki, bu gün Naxçıvan sözün əsl mənasında inamla, uğurla inkişaf edir”.

Naxçıvan Muxtar Respublikası 
Vergilər Nazirliyinin mətbuat xidməti