Sturtup Banner

Gəlir vergisinə edilmiş dəyişikliklər

gelirvergisiAzərbaycan Respublikasının Vergi Məcəlləsinə bir çox dəyişiklik edilmişdir. Gəlir vergisinə edilmiş dəyişiklik həm sosial, həm də iqtisadi baxımdan ən əhəmiyyətli dəyişikliklərdən biri hesab oluna bilər. Büdcədə müəyyən itkilərə baxmayaraq, bu addım uzunmüddətli perspektivdə iş yerlərinin və əmək haqlarının leqallaşmasına hesablanmışdır. Belə ki, 01 yanvar 2019-cu il tarixədək fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun(173 manat) bir misli, illik gəliri 30000 manatadək olduqda isə ölkə üzrə yaşayış minimumunun(173 manat) 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad idi. Yeni dəyişikliyə əsasən ölkə üzrə yaşayış minimumu sabit məbləğlə əvəz olundu, yəni fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000 manatadək olduqda isə 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır. Aylıq 500 manat əməkhaqqı alan bir şəxsin gəlir vergisi aşağıdakı qaydada hesablanacaqdır: (500-200)*14%=42.

Gəlir vergisinə edilmiş digər dəyişikliklərdən biri isə Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən verginin hesablanmasıdır.Bu sahələrdə çalışan fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir

Verginin dərəcəsi

8000 manatadək

0 faiz

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 14 faizi

Bunu sadə misallarla izah edək:

Məsələn: fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 500 manat təşkil edirsə gəlir vergisi sıfır faiz dərəcəsi ilə hesablanaraq vergi tutulmayacaqdır.

Fiziki şəxslərin muzdlu işdən aylıq gəliri 9000 manat olarsa gəlir vergisi aşağıdakı qaydada hesablanacaqdır: (9000-8000)*14%=140.

Kəngərli Rayon Vergilər Şöbəsi