Sturtup Banner

muracietbanner

Torpaq mülkiyyətçilərinin ödəməli olduğu məcburi dövlət sosial sığorta haqları

torpaqmulkiyetciAzərbaycan Respublikasının bu ilin yanvar ayının 1-dən qüvvəyə minmiş 30 noyabr 2018-ci il tarixli Qanunu ilə Vergi Məcəlləsində bir sıra mühüm dəyişikliklər olmuşdur.

Qeyd olunan dəyişikliklərdən biri də məcburi dövlət sosial sığorta (MDSS) haqları ilə bağlıdır. Qanuna əsasən, MDSS haqlarının yığımına nəzarət Vergilər Nazirliyinə həvalə olunmuşdur.

Sosial sığorta haqqında Qanunun 14.5.6-cı və 14.6-cı maddələrinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə- kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında MDSS haqqı ödənilməlidir.

MDSS haqqının məbləği 2019-cu ilin yanvar-fevral ayları üçün minimum əmək haqqı 130 manat olduğundan 130*6%=7.8 manat, 01.03.2019-cu il tarixindən sonra isə minimum əmək haqqı 180 manat olduğundan 180*6%=10.8 manat.

Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

Şərur Rayon Vergilər İdarəsi