Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı Babək rayonunda maarifləndirici tədbir təşkil olunub

babektedbirAzərbaycan Respublikasının Vergi Məcəlləsinə, sosial sığorta haqqında və işsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının qanunlarına edilən əlavə və dəyişikliklərlə bağlı maarifləndirici tədbirlər təşkil olunub. Tədbirdə rayonun idarə, təşkilat və müəssisə rəhbərləri, mühasiblər, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr və digər aidiyyəti təşkilatların nümayəndələri iştirak edib.
Babək Rayon İcra Hakimiyyətinin başçısının müavini Nihal Məmmədov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, ölkə başçısı Vergi Məcəlləsində, sosial sığorta haqqında və işsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının qanunlarında bir sıra əlavə və dəyişikliklər edilməsi ilə bağlı Fərman imzalayıb.
Babək Rayon Vergilər İdarəsinin rəisi Səftər Əliyarov və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Zahid Qənbərov bildiriblər ki, ölkədə həyata keçirilən sosial - iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinə mühüm dəyişikliklər layihəsi hazırlanıb və qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib.
Qeyd olunub ki, ümumilikdə Vergi Məcəlləsinə 240 bənd üzrə əlavə və dəyişiklik edilib və bu dəyişiklikləri 5 əsas istiqamət üzrə təsnif etmək olar. Bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vegi inzibatçılığın təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətləri əhatə edir.
Slaydlar vasitəsilə Vergi Məcəlləsində, sosial sığorta haqqında və işsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklərlə bağlı iştirakçılara geniş məlumat verilib.
Tədbir iştirakıçarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Babək Rayon Vergilər İdarəsi