Sturtup Banner

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yaranmasının 19 ili tamam oldu

vergibinaÜmummilli liderimizin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vergi orqanlarında elektron vergi sisteminin yaradılmasına gətirib çıxarıb. Ölkə iqtisadiyyatında makro - iqtisadi göstəricilərin daha da yaxşılaşdırılması fonunda Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməklə sahibkarların vergi yükü azaldılır, vergi inzibatçılığı daha da təkmilləşdirilir. Belə ki, 2019-cu il yanvar ayının 1-dən etibarən sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın qarşısının alınması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində Vergi Məcəlləsinə 200-dən çox əlavə və dəyişikliklər edilib.
Sahibkarlığın dəstəklənməsi məqsədilə sadələşdirilmiş vergi dərəcəsi bütün ölkə üzrə 2 faiz müəyyənləşdirilib, kiçik və orta bizneslə (KOB) məşğul olan vergiödəyiciləri KOB reyestrində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azad ediliblər. Onlar habelə istehsal və ya emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı üzrə 7 il müddətinə əlavə dəyər vergisindən azad ediliblər. Mikro sahibkarlıq subyektləri isə əldə etdikləri gəlir və ya mənfəətin 75 faizinə güzəşt verilməklə bərabər, əmlak vergisindən azad olunacaqlar.
Mikro və ya kiçik sahibkarlıq subyekti olan startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir 3 il müddətinə və ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərin divident gəlirləri gəlir və ya mənfəət vergisindən azaddır. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu əməliyyatlar üzrə gəlirlərinə tətbiq edilən vergi güzəştlərinin müddəti daha 5 il müddətinə uzadılıb.
Vergidən yayınmanın və “kölgə” iqtisadiyyatının qarşısının alınması məqsədilə qeyri-dövlət sektorunda çalışanların aylıq əməkhaqqı 8000 manatadək olduqda gəlir vergisi 0 faiz, 8000 manatdan çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14 faiz həcmində müəyyənləşdirilib. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2019-cu il 1 yanvarından qüvvəyə minmiş müddəalarına əsasən sığorta haqqına cəlb edilən aylıq gəlirin 200 manatdan yuxarı olan hissəsindən 22 faiz deyil, 15 faiz dərəcə ilə sığorta haqqı hesablanacaqdır.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı qanunlara əsasən məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət cari ilin yanvar ayının 1-dən etibarən Vergilər Nazirliyinə həvalə edilib. Bu da vergi orqanlarının məsuliyyətini daha da artırıb, bu sahələr üzrə elektron bazaların yaradılmasına və təhlillərin aparılmasına başlanılıb.
Ölkəmizin vergi sistemində aparılan islahatlar muxtar respublikamızda da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 12 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi yaradılıb, nazirliyin Əsasnaməsi təsdiq edilib. Nazirliyin bütün yerli qurumları üçün yeni inzibati binalar istifadəyə verilib, maddi-texniki bazası gücləndirilib və müasir texniki avadanlıqlarla təchiz olunub.
İqtisadi inkişafın nəticəsi olaraq, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz 116,8 faiz icra edilib ki, bu da 2017-ci illə müqa¬yisədə 10,9 faiz çoxdur. Özəl sektor üzrə vergi daxilolmaları 2017-ci illə müqayisədə 6 milyon 395 min manat və ya 15,4 faiz artmışdır ki, bu da sahibkarlığa dövlət dəstəyinin bariz nümunəsidir
Vergilər Nazirliyinin əməkdaşlarına göstərilən diqqət və qayğı ölkə Prezidentinin və Ali Məclis Sədrinin daim diqqət mərkəzindədir. Belə ki, Prezidentin 09 fevral 2019-cu il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azər İslam oğlu Nağıyevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib. Əliyev Rəşad Qəhrəman oğlu və Sultanova Sədaqət Ramiz qızı isə 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti