Sturtup Banner

Mənzil kirayəsinə vergi tətbiqi

menzilkirayeİstənilən ölkənin dinamik inkişafı əlverişli sahibkarlıq mühitinin  mövcudluğundan, özəl sektorun fəaliyyət dairəsinin genişləndirilməsindən  asılıdır. Lakin sahibkarlığın inkişafına geniş meydan verilməsi bəzi hallarda qanunsuz fəaliyyətlə məşğul olmaq istəyənlərin əl - qolunu açır. Bu cür hal daşınmaz əmlakın icarəyə verilməsində də özünü büruzə verir. Hesab edirik ki, Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş qaydada daşınmaz əmlakın, xüsusilə mənzil kirayəsindən icarə haqqından ödəmə mənbəyində veginin hesablanması, bəyan edilməsi və ödənilməsi qaydalarının izah edilməsinə ehtiyac duyulur.

    Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq, 14 faiz dərəcəsi ilə vergini özü ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq, vergi uçotuna alınıb bəyannamə verir. Mənzili kirayəyə götürən fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olduğu halda (VÖEN-i varsa) mənzili kirayəyə verən fiziki şəxsə ödədiyi icarə haqqından 14 faiz dərəcəsi ilə vergini tutmalı və həmin məbləği dövlət büdcəsinə ödəməlidir. İcarə haqqından vergi ödəyən fiziki şəxs vergi orqanına vergi bəyannaməsi təqdim etməlidir. Kirayə verənin əldə etdiyi gəlirdən ödəmə mənbəyində vergi tutulduğu üçün onun həmin gəlirindən vergi tutulmur.
    
    Qeyd edək ki, mənzili kirayəyə verən şəxs qanunvericilikdə nəzərdə  tutulan vergiləri ödəməkdən yayınarsa, o, Vergi Məcəlləsinin müəyyən olunmuş maddələri əsasında məsuliyyət daşıyır.

   Vergi Məcəlləsinin  58.2-ci maddəsinə əsasən, müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına  görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məcəllənin 59.1-ci maddəsinə əsasən, vergi məbləğləri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı  hər bir ötmüş gün üçün  vergi ödəyicisindən  və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0,1 faizi  məbləğində faiz tutulur.

    Əlbəttə, bu cür tədbirlərin görülməsində məqsəd bu mənbə hesabına büdcəni təmin etmək deyil, qanunvericiliyə riayət etməklə şəffaflığı təmin etməkdir.

Babək Rayon Vergilər İdarəsi