Sturtup Banner

Yaşayış sahələrinin alqı-satqısı üzrə tələb olunan vergilər və dövlət rüsumları

Dashinmaz emlakVergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə uyğun olaraq, mülkiyyətində olan yaşayş sahələrini təqdim edən şəxslər 2016-cı il  yanvarın 1-dən sadələşdirilmiş vergiyə cəlb olunur və həmin vergi notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir. Mənzil alqı-satqısı zamanı fiziki şəxslər satışa çıxarılan şəxsi mülkün hər kvadratmetrinə görə 15 manat məbləğində sadələşdirilmiş vergi ödəməlidirlər. Satılan mənzilin yerləşdiyi əraziyə uyğun olaraq bu məbləğə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalara uyğun əmsallar tətbiq edilir.

     Naxçıvan Muxtar Respublikasında qeyd olunan əmsal Naxçıvan şəhəri üçün 1.2, digər şəhər, qəsəbə və kəndlər üçün isə 0.5-dir. Şərur rayonu ərazisində mənzilini satan fiziki şəxslər satılan mənzilin hər kvadratmetrinə görə 15x0.5=7.5 manat vergi ödəməlidirlər. Yerli notariuslar tərəfindən hesablanmış vergilər mənzilini satışa çıxaran mülkiyyətçinin hesabından tutularaq büdcəyə ödənilir.

     Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən 5 il yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahəsini təqdim edən şəxslərdən, yaşayış sahəsini hədiyyə və ya maddi yardım kimi ailə üzvlərindən birinə verən şəxslərdən, yaşayış sahəsi dövlət ehtiyacları üçün alınarkən dövlət tərəfindən ödənilən kompensasiyadan, yaşayış sahəsi ər-arvad arasında verildikdə və yaşayış sahəsi keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə  vergi tutulmur.

    Alqı-satqı müqaviləsinin imzalanması prosesində satışa çıxarılan əmlakın mülkiyyətçisi və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi ilə alıcı və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi iştirak etməlidir. Mənzilin alqı-satqısına dair müqavilə imzalanarkən aşağıdakı qaydada və məbləğdə dövlət rüsumu və xidmətə görə haqq ödənilməlidir:

• müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə - dövlət rüsumu 20 manat, xidmətə görə tutulan haqq 3 manat;
• müqavilə üzrə əmlak başqa şəxslərə keçirsə - Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında dövlət rüsumu 125 manat, xidmətə görə tutulan haqq 18,75 manatdır.

Yaşayış sahələrinin alqı-satqısı zamanı tələb olunan dövlət rüsumları da hesablanmış vergilərdə olduğu kimi, notariuslar tərəfindən tutulur.

Şərur Rayon Vergilər İdarəsi