Sturtup Banner

Fiziki şəxslərin əmlak vergisi necə hesablanır?

vergi emlak2Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi  tərəfindən əmlak vergisinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə ödənilməli olan əmlak vergisi onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahəsinə münasibətdə onların 30 kvadratmetrdən artıq olan hissəsinin)  hər kvadratmetrinə  görə hesablanır.

      Yəni, əmlak vergisi həmin əmlakın yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsindən hesablanır. Fiziki şəxsin bir neçə yaşayış sahəsi olduqda, azadolma hər bir mənzilə münasibətdə ayrıca tətbiq olunur. Vergi Məcəlləsinə görə Naxçıvan şəhərində yerləşən mənzillərin 1 kvadratmetri üçün tətbiq edilən vergi dərəcəsi 0,2 manat müəyyən olunmuşdur.

     Binaların icarəyə, kirayəyə verilməsi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının, müharibə əlillərinin, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin), 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin, qanunvericilikdə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin, Çernobıl  AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində, digər radiasiya qəzaları nəticəsində, habelə başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəliyi keçirmiş şəxslərin, pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

     Fiziki şəxsin əmlak vergisinin hesablanması qaydasına dair belə bir misal göstərmək olar:vergi emlak
Məsələn, fiziki şəxsin Naxçıvan şəhərində sahəsi 140 kvadratmetr olan yaşayış sahəsi vardır. Həmin mənzilə görə əmlak vergisi vergiyə cəlb olunmayan 30 kvadratmetr nəzərə alınmaqla aşağıdakı kimi hesablanır:

140 m2  -  30 m2  = 110 m2
      110 m2  *  0,2      = 22 ( manat)

Fiziki şəxs ona hesablanan 22 manat əmlak vergisini Naxçıvan Şəhər Bələdiyyəsinin büdcəsinə ödəməlidir.

Naxçıvan Şəhər Vergilər İdarəsi