Sturtup Banner

Mənzil kirayəsindən vergi tutulması qaydaları

menzilkiraye Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən 14 faiz dərəcəsi ilə vergini özü ödəyir, Vergi Məcəlləsinin 33 və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verilir.
      Mənzili kirayə götürən fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olduğu halda (VÖEN-i varsa) mənzili kirayə verən fiziki şəxsə ödədiyi icarə haqqından 14 faiz dərəcəsi ilə vergini tutmalı və həmin məbləği dövlət büdcəsinə ödəməlidir. Icarə haqqından vergi ödəyən fiziki şəxs vergi orqanına vergi bəyannaməsi təqdim etməlidir. Kirayə verənin əldə etdiyi gəlirdən ödəmə mənbəyində vergi tutulduğu üçün onun həmin gəlirindən vergi tutulmur. Kirayə verən şəxs qanunvericilikdə nəzərdə tutulan vergiləri ödəməkdən yayınarsa Vergi Məcəlləsinin 57, 58 və 59-cu maddələri ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
      Məcəllənin 58.2-ci maddəsinə əsasən, müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 57.1-ci maddəsinə əsasən, bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
      Məcəllənin 59.1-ci maddəsinə əsasən, vergi məbləğləri qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0.1 faizi məbləğində faiz tutulur.

Şərur Rayon Vergilər İdarəsi
vergi ödəyicilərinə xidmət şöbəsi