Sturtup Banner

Vergi riskləri ilə üzləşməməyin ən yaxşı yolu vergiləri vaxtında ödəməkdir

shvergibina Son illər ölkəmizdə vergi siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi ölkənin maliyyə resurslarının səfərbər edilməsinə ciddi təsir etmişdir. Dövlət büdcəsinin gəlirləri dəfələrlə artmış, ölkəmizin sosial-iqtisadi inkişafı sürətlənmişdir. Bu gün vergi sistemində aparılan islahatlar da iqtisadi inkişafı, real sektorun daha səmərəli fəaliyyətini təmin etmək, vergi mədəniyyətini yüksəltmək məqsədi daşıyır. Bu məqsədə nail olmaq üçün təkcə dövlət vergi orqanları deyil, vətəndaşlar da fəal olmalı, bu işə maraq göstərməlidirlər.
      Əlavə dəyər vergisi, aksiz vergisi, mədən vergisi və pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsini, həmçinin uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən tutulan vergi bəyannaməsi cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
      Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi də notariuslar tərəfindən oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. Vergi əməliyyatın aparıldığı gün – 1 bank günü ərzində ödənilir.
      2018-ci ilin üçüncü rübünə görə vergi ödəyiciləri də tədiyəçisi olduqları adları aşağıda qeyd olunana bəyannamələri Vergi məcəlləsi ilə müəyyən olunmuş müddətdə vergi orqanlarına təqdim etməlidirlər.
      Sadələşdirilmiş vergi və ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanlarına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
      Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi də ( əlavə dəyər vergisi və sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanlarına təqdim edilməli və sentyabr ayı üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir. Əlavə dəyər vergisi və sadələşdirilmiş vergi ödəyiciləri isə bəyannaməni illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edirlər.
      Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən digər ödəmələr də Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə dövlət büdcəsinə ödənilməlidir. 2018-ci ilin üçüncü rübü üzrə hesablanmış bu cari ödəmələr də oktyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.
      Qeyd: 20 oktyabr 2018-ci il tarixi qeyri - iş gününə təsadüf etdiyindən 2018-ci ilin sentyabr ayı və üçüncü rübü üzrə bəyannamələrin təqdim edilməsi və vergilərin ödənilməsi üçün sonuncu gün 22 oktyabrdır.

Naxçıvan Şəhər Vergilər İdarəsi
vergi ödəyicilərinə xidmət şöbəsi