Əmlak vergisinə azadolma məbləğinin tətbiqi

Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən, binalar icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.  Mövzunu Naxçıvan MR Vergilər Nazirliyinin əməkdaşı İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin 102.2-ci maddəsinin tətbiqinin əsas məqsədi fiziki şəxslərin mülkiyyətində olan binalara görə ödəməli olduqları əmlak vergisinə azadolma məbləğinin tətbiqi qaydasını müəyyən etməkdir. Həmin Məcəllənin 199.3-cü maddəsinə əsasən, pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin, habelə 102.2-ci maddədə qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Milli qəhrəmanlarının, Sovet İttifaqı və Sosialist Əməyi qəhrəmanlarının, müharibə əlillərinin, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin, qanunvericiliklə müəyyən olunmuş qaydada müharibə veteranı adı almış şəxslərin, Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin mülkiyyətində olan binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.

Müddətli hərbi xidmət hərbi qulluqçuları dedikdə kimlərin nəzərdə tutulduğunu "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna əsaslanaraq müəyyən etmək olar. Qanunun 28.2-ci maddəsində göstərilir ki, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddir. Ona görə də 30 manat güzəşt hüququ bütün hərbçilərə deyil, yalnız əsgərlər, matroslar və çavuşlara şamil edilir.

Pensiyaçılar dedikdə isə kimlərin nəzərdə tutulduğunu "Əmək pensiyaları haqqında" Qanununa əsaslanaraq müəyyən etmək olar. Həmin qanunun 4-cü maddəsində əmək pensiyaları yaşa görə, əlilliyə və ailə başçısını itirməyə görə müəyyənləşdirilir. 199.3-cü maddədə pensiyaçılar dedikdə, heç bir istisna nəzərdə tutulmadığından, 30 manat güzəşt hüququ əmək pensiyalarının bütün növlərinə şamil edilir.

Misal 1. Tutaq ki, Naxçıvan şəhərində yaşayan və oğlu orduda əsgər olan fiziki şəxsin xüsusi mülkiyyətində 230 m2 sahəsi olan mənzil vardır. Əmlak vergisinin məbləğini hesablayaq: Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, fiziki şəxsin xüsusi mülkiyyətində olan mənzilin 30 m2-dən vergi tutulmur, 30 m2-dən çox olan hissəsindən isə hər kvadratmetrinə görə 0,2 manat vergi hesablanır. Belə olan halda, əmlak vergisinin məbləği 40 manat ((230 m2 - 30 m2) x 0,2 manat = 40 manat ) olacaqdır. Fiziki şəxsin övladı müddətli hərbi xidmət hərbi qulluqçusu olduğuna görə, ödəməli olduğu əmlak vergisininin məbləği 30 manat azaldılır. Bu halda, fiziki şəxs 10 manat (40 manat – 30 manat = 10 manat) əmlak vergisi ödəyəcəkdir.

Misal 2. Tutaq ki, Sumqayıt şəhərində yaşayan pensiyaçı xüsusi mülkiyyətində olan 180 m2 sahəsi olan mənzili kirayəyə verib. Əmlak vergisinin məbləğini hesablayaq: Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən yaşayış sahələrinin 30 m2-dən vergi hesablanmadığı üçün pensiyaçının xüsusi mülkiyyətində olan mənzilin 30 m2-dən vergi tutulmur, 30 m2-dən çox olan hissəsindən isə hər kvadratmetrinə görə 0,3 manat vergi hesablanır. Belə olan halda, əmlak vergisinin məbləği 45 manat ((180 m2 - 30 m2) x 0,3 manat = 45 manat) olacaqdır. Fiziki şəxsin pensiyaçı olmasına baxmayaraq, mənzilini kirayəyə verdiyi üçün ona əmlak vergisində 30 manat güzəşt tətbiq olunmayacaq. Deməli, pensiyaçı 45 manat əmlak vergisi ödəyəcəkdir.

Misal 3. Tutaq ki, müharibə veteranı fiziki şəxsin Bakı şəhərinin Azadlıq prospektində (3-cü zona) yerləşən çoxmənzilli binada sahəsi 120 m2 olan və Naxçıvan şəhərində sahəsi 70 m2 olan mənzili vardır. Onun ödəməli olduğu əmlak vergisini hesablayaq: Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, yaşayış sahələrinin 30 m2-dən vergi hesablanmadığı üçün müharibə veteranının xüsusi mülkiyyətində olan mənzillərin hər birinin 30 m2-dən vergi tutulmur, 30 m2-dən çox olan hissəsindən Naxçıvan şəhəri üçün hər kvadratmetrinə görə 0,2 manat, Bakı şəhəri üçün isə hər kvadratmetrinə görə 0,4 manat vergi hesablanır və Nazirlər Kabinetinin qərarında 3-cü zonanın əmsalı 1,3 müəyyən olunduğu üçün Bakı şəhəri üzrə hesablanan vergi 1,3 əmsala vurulur. Belə olan halda, Bakı şəhəri üçün əmlak vergisinin məbləği 46,8 manat ((120 - 30) x 0,4 x 1,3 = 46,8 manat) , Naxçıvan şəhəri üçün əmlak vergisinin məbləği isə 8 manat ((70 - 30) x 0,2 = 8 manat) olacaqdır. Fiziki şəxs müharibə veteranı olduğu üçün cəmi ödəməli olduğu əmlak vergisinin məbləği 30 manat azaldılır. Bu halda, fiziki şəxs 24,8 manat (46.8 manat + 8 manat – 30 manat = 24,8 manat) əmlak vergisi ödəyəcəkdir.

Onu da qeyd edək ki, güzəşt hüququ olan fiziki şəxsin bir neçə mənzili olduqda, 30 manat məbləğində güzəşt hər mənzilə ayrılıqda verilmir, cəmi ödəməli olduğu əmlak vergisi məbləği 30 manat azaldılır.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

391083
Bu gün
Dünən
Bu ay
17
328
6163