Pay torpaqlarına görə sosial sığorta haqqının hesablanması

Pay torpaqlarına görə sığorta haqqının hesablanması ilə bağlı redaksiyamıza müəyyən suallar daxil olur. Mövzunu Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin əməkdaşı İsmayıl Bağırov şərh edir.

 “Sosial sığorta haqqında” Qanunun 14.5.1-1.9-cu maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

  • 5 hektaradək olduqda - 2 faiz miqdarında;
  • 5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında;
  • 10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında.

Misal 1: Gəncə şəhəri yaxınlığında yaşayan vətəndaşın ailə üzvlərinin sayı 5 nəfərdir və onların 4 hektar torpaq sahəsi vardır. Ailə üzvlərindən 1 nəfəri pensiyaçı (2-ci qrup əlil), 1 nəfəri 15 yaşadək azyaşlı uşaqdır, 1 nəfəri müəllimdir və məcburi dövlət sosial sığorta haqqı ödəyir. Bu halda, həmin ailə üçün məcburi dövlət sosial sığorta haqqı necə hesablanmalıdır?

Fiziki şəxslərin torpaq sahəsi 4 hektar olduğu üçün bir nəfərə düşən aylıq sosial sığorta haqqının məbləği ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (hazırda bu məbləğ 250 manatdır) 2 faizi qədər, yəni 5 manat olacaq: 250 x 2% = 5 manat.

Ailə üzvlərindən 1 nəfər pensiyaçı, 1 nəfər 15 yaşadək azyaşlı uşaq və 1 nəfər məcburi dövlət sosial sığorta haqqı ödəyən şəxsdən torpaq payına görə sosial sığorta haqqı hesablanmayacaq. Bu ailədə məcburi dövlət sosial sığortasına cəlb olunan ailə üzvləri 2 nəfər olduğu üçün aylıq məcburi dövlət sosial sığorta haqqının məbləği 10 manat təşkil edir: 5 manat x 2 = 10 manat.

Misal 2: Kəngərli rayonunda yaşayan ailənin 6 üzvü, 7 hektar torpaq sahəsi vardır. Ailə üzvlərindən 1 nəfəri iqtisadçıdır, işləyir və məcburi dövlət sosial sığorta haqqı ödəyir, 1 nəfəri ailə kəndli təsərrüfatının üzvüdür, 1 nəfəri pensiyaçı, 1 nəfəri də 15 yaşadək azyaşlı uşaqdır. Bu halda, məcburi dövlət sosial sığorta haqqı necə hesablanır?

Fiziki şəxslərin torpaq sahəsi 7 hektar olduğu üçün bir nəfərə düşən aylıq sosial sığorta haqqının məbləği ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 6 faizi məbləğində olur:

250 x 6% = 15 manat.

Ailə üzvlərindən 1 nəfər məcburi dövlət sosial sığorta haqqı ödəyən, 1 nəfər pensiyaçı və 1 nəfəri 15 yaşadək uşaq üçün torpaq payına sosial sığorta haqqı hesablanmır. Deməli, ailədə məcburi 3 nəfər dövlət sosial sığortasına cəlb olunur və onların birlikdə aylıq məcburi dövlət sosial sığorta haqqının məbləği 45 manat təşkil edir:

15 manat x 3 nəfər = 45 manat.

Misal 3: Ağstafada 8 nəfərlik ailənin 11 hektar torpaq sahəsi vardır. Ailə üzvlərindən 1 nəfər bələdiyyə işçisidir və məcburi dövlət sosial sığorta haqqı ödəyir, 1 nəfər pensiyaçı, 2 nəfəri də 15 yaşadək azyaşlı uşaqdır. Bu halda, məcburi dövlət sosial sığorta haqqı necə hesablanır?

Fiziki şəxslərin torpaq sahəsi 11 hektar olduğu üçün bir nəfərə düşən aylıq məcburi dövlət sosial sığorta haqqının məbləği ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 10 faizi məbləğində olur:

250 x 10% = 25 manat.

Ailə üzvlərindən 1 nəfər məcburi dövlət sosial sığorta haqqı ödəyən, 1 nəfər pensiyaçı və 2 nəfər 15 yaşadək azyaşlı uşaq üçün torpaq payına sosial sığorta haqqı hesablanmayacaq. Deməli, dövlət sosial sığortasına cəlb olunan ailə üzvləri 4 nəfərdir və onlar üçün aylıq məcburi dövlət sosial sığorta haqqının ümimi məbləği 100 manat təşkil edir:

25 manat x 4 = 100 manat.

Bir daha vurğulamağı zəruri hesab edirəm ki, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərə məcburi dövlət sosial sığorta haqqı hesablanarkən digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlərin, I və II dərəcə əlilliyi olan şəxslərin, 15 yaşadək azyaşlı uşaqların və “Əmək pensiyaları haqqında” Qanuna əsasən, pensiyaya çıxmış şəxslərin torpaq payı nəzərə alınmır, yəni onların torpaq payına görə məcburi dövlət sosial sığorta haqqı ödənilmir.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

392435
Bu gün
Dünən
Bu ay
187
590
7515