Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Qəzənfər Bayramovun 4 oktyabr 2019-cu il tarixdə Naxçıvan Dövlət radiosunda verdiyi müsahibə

Vergi qanunvericiliyində insanların sosial rifahının gücləndirilməsi istiqamətində hansı güzəştlə var?

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinə çox mühüm dəyişikliklər layihəsi hazırlanıb və qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib.

Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması ilə bağlıdır. Vergi qanunvericiliyinə edilmiş ən mühüm dəyişiklik kimi qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların əməkhaqlarından tutulan vergilər üzrə vergi güzəştlərinin verilməsini qeyd etmək lazımdır. Dəyişikliyə əsasən aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib, 8000-dən yuxarı olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14 faiz həcmində müəyyənləşdirilib ki, bu da dövlətin sözügedən məsələdə çox böyük güzəştə getməsi deməkdir.

Vergi Məcəlləsində vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi məqsədilə hansı dəyişikliklər edilib?

Vergi Məcəlləsində vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi məqsədilə dəyişikliklər edilib. Bunların sırasında özəlləşdirmədə iştirak edən investorların əmlak vergisindən azad edilməsi, vergiödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmlərin satışına vergi güzəştinin tətbiq edilməsi və həmçinin həssas sosial təbəqələrə (şəhid ailələrinə) güzəştin verilməsi kimi sosialyönümlü dəyişikliklər  əks olunub.

Mikrosahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi daxildir. Bundan başqa, mikrosahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər. Həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startapların startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir.

Vergi Məcəlləsinə görə, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilmiş verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır. Bu, vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir. Vergi orqanında qeydiyyatda olan şəxsin şəxsi istehlak məqsədi üçün aldığı mala görə nağdsız qaydada POS-terminal vasitəsilə ödədiyi məbləğlər bu maddənin məqsədləri üçün nəzərə alınır.

Kənd təsərrüfatına tətbiq edilən vergi güzəştləri haqqında məlumat verərdininz

Başqa bir güzəşt məhz, kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə tətbi edilir. Belə ki,  1999-cu ildən kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilmişdir və bu güzəştlər kənd təsərrüfatı məhsullarının birbaşa istehsalı ilə məşğul olan şəxslərə tətbiq edilir.

Nəzərə alsaq ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır. Kəndlərdə ticarət və xidmət obyektləri daxil olmaqla hər cür zəruri infrastrukturun yer aldığı nümunəvi kənd mərkəzləri yaradılıb. Habelə, kəndlərdə yaşayan əhalinin məşğulluğu təmin edilib. İnsanların kənd təsərrüfatı ilə məşğul olmaları, bol məhsul əldə etmələri üçün şərait yaradılıb. Yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, muxtar respublikamızda yüksək keyfiyyətli yolların çəkilməsi, qazın, işığın davamlı verilməsi, bütün kəndlərin telefonlaşdırılması, kənddə şəhər rahatlığının ən yüksək səviyyədə təmin olunması insanların torpağa bağlılığını daha da artırıb, kənd təsərrüfatının inkişafını təmin edib.

Bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib. 2019-ci il ərzində iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabət qabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mövcud layihələrin icrası davam etdirilib, stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bu sahədə mühüm malların istehsalının təmini muxtar respublikada sənayenin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlayıb.

Həyata keçirilən bu tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikası son illər sənayenin və kənd təsərrüfatının yüksək sürətlə inkişaf etdiyi bir diyara çevrilib. Artıq muxtar respublika  əhalisinin ərzaq təhlükəsizliyini yerli istehsal hesabına tam təmin edir. Bu, çox uğurlu bir nəticədir və əksər dünya ölkələrinin yerinə yetirə bilmədikləri arzudur.

Muxtar respublikada vergi qanunvericiliyinin tətbiqi və nəticələri haqqında məlumat verərdiniz

İlk öncə onu demək lazımdır ki, vergilər, iqtisadiyyatın mənbəyi kimi maliyyə və iqtisadi kateqoriyadır.

Bu gün Azərbaycanın inkişaf etmiş ölkələr cərgəsindədir. Çünki onun güclü iqtisadiyyatı ilə yanaşı mükəmməl vergi qanunvericiliyi var. Bütün bunlar onu deməyə əsas verir ki, hər bir vətəndaş dövlətinin gələcəyini düşünür.

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi vergi sahəsində də müasir vergi sisteminin formalaşdırılması, onun qanunvericilik bazasının təkmilləşdirilməsi, vergi orqanları əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, ölkədə əlverişli vergi mühitinin və vergi mədəniyyətinin yaradılması sahəsində əhəmiyyətli işlər görülüb.

Sivil ölkələrdə çalışırlar ki, vətəndaşlar da vergi qanunvericiliyinə hörmətlə yanaşmaq və əməl etmək bacarığı formalaşsın. Buradan da vergi mədəniyyəti anlayışı yaranıb. Mədəniyyət bütövlükdə cəmiyyəti xarakterizə edir. Yüksək vergi mədəniyyətinə o zaman nail olmaq mümkündür ki, ölkədə qanunlara ciddi əməl edilsin, əhalinin maddi rifah səviyyəsi yüksək olsun, vergilər mükəmməl vergi məcəlləsinə uyğun ödənilsin, sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradılsın. Vətəndaşların bilik səviyyəsi də vergi mədəniyyətinin formalaşmasına birbaşa təsir göstərir.

Görülən maarifləndirmə işlərin nəticəsi kimi vergilər və digər  ödənişlər vaxtı-vaxtında büdcəyə ödənilir  və Vergilər Nazirliyi proqnoz tapşırıqların icrasını artıqlaması ilə yerinə yetirir. Bu həm də vətəndaşla - məmur  arasında yaranan qarşılıqlı etimadın nümunəsidir.  Hər bir kəs qanuni vergi və digər ödənişləri vaxtında və tam həcmdə ödəməklə vətəndaşlıq borcunu yerinə yetirmiş olur. Nəzərə çatdırmaq  lazımdır ki,  Muxtar Respublikada qanuni vergi və digər ödənişlərin könüllü əməletmə yolu ilə ödənilməsi yüksək vergi mədəniyyətinin formalaşmasına ən gözəl nümunədir

Sual – 5.

 Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlar üzrə hansı işlər görülüb?

 Qeyd etmək lazımdır ki, 2019-cu ilin 9 ayı ərzində məcburi dövlət sosial sığortası üzrə ödənişlərə 141,5 faiz, işsizlikdən sığorta üzrə ödənişlərə 136,3 faiz əməl edilibdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 7,9 faiz və 14,8 faiz artıq deməkdir. Həmçinin Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlara 110,5 faiz əməl edilibdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artıq deməkdir. Həmçinin bu dövr ərzində 30 kommersiya hüquqi şəxs sahibkarlıq uçotuna alınıbdır, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən 2878 fiziki şəxs qeydiyyata alınıbdır ki, qeydiyyata alınan fiziki şəxslərin 74 faizi muxtar respublikanın rayonlarının payına düşübdür.

Vergilərin mövcud olması ilkin ictimai istehlakla bağlıdır.Dövlətin formalaşdığı vaxtdan vergilər cəmiyyətdə iqtisadi münasibətlərin zəruri həlqəsi kimi özünü biruzə verir. Dövlət quruluşunun dəyişməsi və inkişafı ilə əlaqədar olaraq vergi sistemində də dəyişikliklər baş verir. Müasir sivilizasiyalı cəmiyyətdə vergilər dövlət gəlirlərinin əsas formasını təşkil edir. Dövlətin cəmiyyətə və oradakı proseslərə iqtisadi təsiri üçün vergi mexanizmindən istifadə edilir.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

395403
Bu gün
Dünən
Bu ay
357
462
10483