İstehsalçı və investorların Naxçıvanda görüşü keçirilib

tedbir 24.01.2024 1

     Xarici və yerli istehsalçının, eləcə də investorların Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib. İstehsalçı və investorların Naxçıvana səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində təqdimat tədbiri keçirilib.

     Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvanın ötən ilin yekunlarına dair iqtisadi inkişaf göstəriciləri açıqlayıb. Vurğlanıb ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında 1 milyard 552 milyon manat dəyərində ümumi məhsul istehsal olunub: “Ötən il bölgədə 593,9 milyon manatlıq sənaye məhsulu, 358,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub, əhaliyə 34,2 milyon manatlıq informasiya və rabitə xidmətləri, 178,2 milyon manatlıq ödənişli xidmətlər göstərilib. Naxçıvan iqtisadiyyatında şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnib. Belə ki, 2023-cü ildə büdcə gəlirlərində qeyri-dövlət sektorunun payı 55,7 faiz,  vergi daxilolmalarında isə 62,4 faiz təşkil edib: "Sahibkarlığın sürətli inkişafında ən önəmli amillərdən biri maliyyə əlcatanlığıdır. 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 40 investisiya layihəsinin maliyyələşdirilməsinə 6,2 milyon manat güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib ki, bunun 84,8 faizi sənaye məhsullarının istehsalına, 11,7 faizi kənd təsərrüfatına və 3,5 faizi isə xidmət sahələrinə yönəldilib”.

     Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfati nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova, Naxçıvan Muxtar Respublikası Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rahid Ələkbərli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verib, proqramın əsas qayələrindən biri kimi sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırmaq, azad iqtisadi zona yaratmaqla Naxçıvanı əsas sərmayə mərkəzinə çevirmək olduğunu vurğulayıblar. Qeyd edilib ki, xarici və yerli investorların Naxçıvana səfəri muxtar respublikanın iqtisadi potensialı, investisiya imkanları ilə yaxından tanış olmaları sözsüz ki, yeni investisiyaların yatırılması baxımından təkan rolunu oynayacaq.

     “Azərbaycan Françayzinq Assosiasiyası"nın idarə heyətinin sədri Camid Mövsümov çıxışında bildirib ki, bugünkü tədbirin təşkilində əsas məqsəd xarici investorlarla yerli sahibkarları bir araya gətirmək və Naxçıvanda yeni investisiya imkanlarını araşdırmaqdır: “Tədbirdə Çin, Türkiyə və Azərvaycan investorları iştirak etdilər. Məqsəd “yaşıl enerji”yə, kənd təsərrüfatına, informasiya texnologiyaları və sənaye müəssisələrinin qurulmasına investisiya yatırılmasıdır. Buradakı şirkətlər dünya səviyyəsində tanınan holdinqlər və qruplardır. Naxçıvan sahibkarları ilə birgə iş modeli əsasında şirkətlərin təsis edilməsi də əsas məqsədlərimizdəndir. Artıq iki şirkətin rezident kimi qeydiyyata alınaraq Naxçıvanda işə başlamasına qərar vermişik. “İhlas Holdinq” və “Özgün İnşaat” şirkətləri Naxçıvanda da fəaliyyət göstərəcək, həmçinin assosiasiyanın Naxçıvan ofisinin yaradılmasını da qərarlaşdırmışıq. Eyni zamanda, mart ayında Yaponiya və Türkiyənin kənd təsərrüfatı şirkətlərinin Naxçıvana səfəri planlaşdırılır”.

     “İhlas Holdinq”in direktor müavini Cemil Ceyhan Aral və “Özgün İnşaat”ın direktor müavini Mehmet Can Seyman çıxışlarında vurğulayıblar ki, Naxçıvanda günəş enerjisi, dəmir və avtomobil yolları infrastrukturu üçün böyük potensial var və onlar buraya sərmayə qoymaq üçün gəliblər. Qeyd edilib ki, yaxın gələcəkdə şirkətlər Naxçıvanda işlərini həyata keçirməyə başlayacaqlar.

     Tədbirdə şirkətlərin gördükləri işlərə aid videoçarxlar da nümayiş etdirilib.

     Çıxışlardan sonra tədbirdə investisiyalarla bağlı məlumatlandırma olub.

tedbir 24.01.2024 2tedbir 24.01.2024 2tedbir 24.01.2024 2

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

372148
Bu gün
Dünən
Bu ay
146
268
7386