Zərərlərin növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsi

Söhbət vergi ödəyicisinin mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlərindən gedir. Mövzunu Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin əməkdaşı İsmayıl Bağırov şərh edir.

     Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən, Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə Vergi Məcəlləsinin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir.

     Buna görə də müəssisənin sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə yaranmış zərərlər mənfəət vergisi ödəyicisi olduğu dövrdə əldə etdiyi gəlirindən çıxıla bilməz. Həmçinin bu qayda amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlərə də şamil olunur. Qeyd edək ki bu hal üçün Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən, şəxsin ƏDV qeydiyyatına dair öhdəliyi yaranmadığı halda, könüllü olaraq vergi orqanına əvvəlki 3 il müddətindən çox olmamaqla ƏDV ödəyicisi kimi qeydiyyata alındığı hallar istisna təşkil edir.

     Misal 1. Firma gəlir və xərclərinin uçotunu aparmış və 2018-ci hesabat ilini 5.000 manat zərərlə başa vurmuşdur. Firma 1 yanvar 2019-cu il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınmışdır (dövriyyənin 200.000 manatı keçməsinə görə). 2019-cu il üzrə müəssisə mənfəətlə işləmiş və ilin nəticələrinə görə 20.000 manat mənfəət əldə etmişdir. Bu hal üçün mənfəət vergisini hesablayaq.

Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən, firma sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə yaranmış 5.000 manat zərər firmanın mənfəət vergisi ödəyicisi olduğu dövrdə əldə etdiyi 20.000 manat mənfəətindən çıxıla bilməz. Bunun üçün də firma büdcəyə 4000 manat ( 20.000 x 20% = 4.000 manat) mənfəət vergisi hesablayacaq.

Misal 2. Firma gəlir və xərclərinin uçotunu aparmış və 2018-ci hesabat ilini 10.000 manat zərərlə başa vurmuşdur. Firma 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən, könüllü qaydada ƏDV qeydiyyatına alınmışdır. 2019-cu il üzrə müəssisə mənfəətlə işləmiş və ilin nəticələrinə görə 50.000 manat mənfəət əldə etmişdir. Bu hal üçün mənfəət vergisini hesablayaq.

Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən, firma künüllü qaydada ƏDV qeydiyyatına alındığı üçün sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə yaranmış 10.000 manat zərəri firmanın mənfəət vergisi ödəyicisi olduğu dövrdə əldə etdiyi 50.000 manat mənfəətindən çıxmaq hüququ vardır. Bunun üçün də müəssisə büdcəyə 8.000 manat (( 50.000 – 10.000) x 20% = 8000 manat) mənfəət vergisi hesablayacaq.

Misal 3. 2019-cu il yanvarın 1-dən mənfəət vergisinin ödəyicisi olmuş müəssisə 2019-cu il üzrə gəlir və xərclərinin uçotunu aparmış və hesabat ilinin nəticələrinə görə 30.000 manat mənfəət əldə etmişdir. 2018-ci hesabat ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan 10.000 manat amortizasiya xərcini 2019-cu ilə keçirmişdir. Bu hal üçün mənfəət vergisini hesablayaq:

Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən, müəssisə 2018-ci hesabat ilində amortizasiya normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan 10.000 manat amortizasiya xərcini 2019-cu ildə əldə etdiyi 30.000 manat mənfəətindən çıxa bilməz. Bunun üçün də müəssisə büdcəyə 6.000 manat ( 30.000 x 20% = 6.000 manat) mənfəət vergisi hesablayacaq.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti - ©2020

005359
Bu gün
Dünən
Bu ay
180
311
5359