Nağdsız ödənişlərin həcmi artır

Naxçıvan Muxtar Respublikasında 2019-2022-ci illərdə rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində qəbul edilmiş dövlət proqramının icrası uğurla davam etdirilir.
Muxtar respublikamızda nağdsız ödənişlərin əsas hissəsinin həyata keçirildiyi Naxçıvan şəhərində rəqəmsal ödənişlərdən rahat istifadə etmək üçün müasir infrastruktur qurulub, POS-terminalların istifadəsi vacib olan obyektlərdə aparatların quraşdırılması başa çatıb. Yeni obyektlər açılan zaman onların lazımi avadanlıqlarla təmin edilməsi də diqqətdə saxlanılır. Naxçıvan şəhərində fəaliyyət göstərən publik hüquqi şəxs statuslu müəssisələrdə də POS-terminal aparatları quraşdırılıb ki, sakinlərə göstərilən xidmətlərin dəyərini elə yerindəcə ödəmək mümkün olsun.

     Naxçıvan şəhərinin sakinləri bütün növ kommunal ödənişləri, dövlət rüsumlarını, sosial sığorta haqlarını və digər ödənişləri poçt şöbələrinə yaxınlaşmaqla və ya əhalinin daha çox üz tutduğu obyektlərdə quraşdırılmış ödəniş aparatlarından istifadə etməklə nağdsız qaydada həyata keçirə bilirlər. Həmçinin sürətli internet resursları ilə əhatə olunan muxtar respublikada insanlar mobil telefonlardan və internet çıxışı olan kompüterlərdən istifadə etməklə kartdan karta pul köçürmə əməliyyatını apara, operatorların və provayderlərin xidmət haqlarını, habelə kommunal ödənişləri nağdsız qaydada ödəyə bilirlər.

     Əldə olunan müsbət nəticələrin əsasında isə texniki bazanın formalaşması və obyektlərin zəruri avadanlıqlarla təmin olunması dayanır. 1 sentyabr 2020-ci il tarixə Naxçıvan şəhərində quraşdırılan POS-terminalların sayı 620, bankomat aparatının sayı isə 58 olub. Cari ilin 8 ayında muxtar respublikada POS-terminal, internet və digər ödəniş vasitələri ilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 56 milyon 296 min 119 manat təşkil edib. Naxçıvan şəhərində isə POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 11 milyon 278 min 869 manat olub. Ötən ilin avqust ayında Naxçıvan şəhərində 575 POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatın həcmi 462 min 820 manat təşkil edirdisə, bu ilin müvafiq ayında bu rəqəm 620 POS-terminaldan istifadə etməklə 1 milyon 725 min 388 manat təşkil edib.

     Rəqəmsal ödənişlərin və nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində Dövlət Vergi Xidməti olaraq əhali və sahibkarlıq subyektləri arasında maarifləndirmə və məlumatlandırma işləri diqqət mərkəzində saxlanılır, nağdsız ödənişlərin həcminin daha da artırılması istiqamətində işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti - ©2020

003880
Bu gün
Dünən
Bu ay
61
168
3880