“Nağdsız ödəyin, hədiyyə qazanın!” tədbirinin qalibləri mükafatlandırılıb

600601

 Naxçıvan Muxtar Respublikasında ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on üçüncü tirajının qalibləri müəyyənləşib. 2020-ci ilin birinci yarımilində daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

     Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov çıxış edərək “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram’’ın icrasının uğurla davam etdirildiyini bildirib.

     Qeyd edilib ki, aparılan işlər nəticəsində nağdsız ödənişlərin əsas vasitələrindən olan POS-terminal aparatlarının sayı muxtar respublika üzrə 01 iyul 2020-ci il tarixə 1310 ədədə çatdırılıb və bu istiqamətdə işlər davam etdirilir.

     Vurğulanıb ki, təkcə 2019-cu ildə 810 şəxsə 50 min manat dəyərində müxtəlif qiymətli hədiyyələr təqdim olunub. Ümumilikdə 2014-cü ildən başlayaraq keçirilən 12 tirajda 2989 vətəndaşa 190 min manat dəyərində müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib. “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 13-ci tirajında 426 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim ediləcəkdir.

602
     Tədbirdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Orxan Abdullayev qeyd edib ki, müasir dövrün aktual iqtisadi istiqamətlərindən biri məhz nağdsız ödəniş sisteminin inkişaf etdirilməsidir. Maliyyə infrastrukturunun əsas tərkib hissələrindən olan elektron ödəniş sistemi maliyyə sabitliyinin və ümumi iqtisadi inkişafın təminatında mühüm əhəmiyyət kəsb edir. Nağdsız ödənişlərə marağın gündən-günə artması statistik rəqəmlərdə də müşahidə olunur. 2020-cu ilin yanvar-iyun aylarında POS- terminal və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 40 milyon 283 min 347 manat təşkil edib. Nağdsız ödənişlərin 15 milyon 144 min 581 manatı POS-terminallar vasitəsilə, 25 milyon 138 min 766 manatı isə internet və digər ödəniş vasitələri üzərindən icra edilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 milyon 920 min 204 manat çoxdur.

     Nağdsız ödəniş infrastrukturunun tərkib hissələri olan bankomat və ödəniş terminallarının sayı da artırılmışdır. Belə ki, 01 yanvar 2020-ci il tarixə bankomatların sayı 58-i Naxçıvan şəhərində, 55-i isə rayon və böyük kənd mərkəzlərində olmaqla 113 ədəd, ödəniş terminallarının sayı isə 2020-ci ilin birinci yarısında 12 ədəd artaraq 66 ədəd təşkil edib.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Vergi nəzarəti tədbirlərinin təhlili şöbəsinin rəisi Rəşad Əliyev çıxışında nəzərə çatdırılıb ki, qaliblər müəyyən edilərkən 400 manatdan yuxarı həcmdə nağdsız ödənişlər aparan və POS-terminallardan daha çox istifadə edən şəxslərə üstünlük verilib. 6 ay ərzində bank orqanlarından nağdsız ödəniş aparan şəxslər barədə müvafiq məlumatlar alınmaqla və bir sıra amillərə uyğun olaraq hədiyyə qazananlar müəyyən edilib. Həvəsləndirici tədbirin bu dəfəki tirajında 78 nəfər Naxçıvan şəhər sakininə qiymətli hədiyyələr təqdim olunacaq.

     Sonra nağdsız ödənişlər sahəsində fəallıq göstərən şəxslərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, analoji tədbirlər muxtar respublikanın bütün rayonlarında keçirilməklə qaliblərin mükafatlandırılıb.

     Hədiyyə qazanmış şəxslər hüquq mühafizə orqanlarında xidmət göstərən, özəl sahələrdə çalışan müxtəlif peşə yönümlü işçiləri, fərdi vətəndaşları və təqaüdçüləri təhsil, səhiyyə, mədəniyyət, dövlət qulluğunun ayrı-ayrı sahələrində çalışan işçiləri, o cümlədən qeyd olunan sahələrdə çalışan texniki inzibati xidməti işçiləri əhatə edib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

İnternet vergi idarəsi

30825
Bu gün
Dünən
Bu ay
8
373
1246
Tarix: 05-08-2020