SUAL - CAVAB BÖLMƏSİ

Fiziki şəxs geyim və gəlinliklərin icarəyə verilməsi fəaliyyəti ilə məşğuldur. Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edildiyini nəzərə alaraq:
1. Qeyd edilən fəaliyyət növü ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?
2. Qeyd edilən fəaliyyətdən əldə edilən gəlir məcburi dövlət sosial sığorta haqqına cəlb olunurmu? XƏLİLOVA QUMRAL (VÖEN0600496772)

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinin müddəalarına əsasən əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Eyni zamanda “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 15-ci maddəsinin 12-ci abzasına əsasən muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar) üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

Nağdlaşdırma zamanı ödəmə mənbəyində vergi necə tutulmalıdır?

Təcrübədə ən çox rast gəlinən məsələlərdən biri də hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərini nağdlaşdıran zaman yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyindən 1 faiz dərəcə ilə vergi tutulmasıdır. Bu sahədə diqqət yetirilməli olan məqamlar aşağıdakılardır. Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. Bu, sırf vergi ödəyicilərinə aid olduğundan, adi vətəndaşların nağd pul çıxarmasına görə vergi tutulmur. Misal: Tutaq ki,”A” MMC işçinin əməkhaqqı kartına 500 manat ödəyir, işçi həmin vəsaiti nağdlaşdırdıqda 1 faiz vergi ödəmir. Vətəndaşın bank hesabına pul köçürmələri vasitəsilə vəsait daxil olduqda da həmin vəsaitin nağd formada hesabdan çıxarılmasına görə 1 faiz sadələşdirlmiş vergi hesablanmır. Nağd vəsaitlərin çıxarılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə hər hansı güzəşt nəzərdə tutulmayıb. Yəni vergi ödəyicisinin kənd təsərrüfatı ilə, yaxud ixrac və ya istehsal fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, bank hesabından nağd pul çıxarıldıqda 1 faiz sadələşdirilmiş vergi ödənilməlidir. Dövlət təşkilatları və bələdiyyələr tərəfindən bank hesabından vəsaitin çıxarılması zamanı 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulmamalıdır. Çünki bu maddə hüquqi şəxs statusunda yaradılan müəssisə və təşkilatlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aiddir. Bu məntiqlə icarə fəaliyyətindən, yəni qeyri-sahibkarlıq fəaliyyətindən gəlir edənlər də bank hesabından vəsaiti nağdlaşdırdıqda həmin vergini ödəməməlidirlər.

Topdan ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin malları sənədsiz qaydada təqdim etməsinə görə nə qədər maliyyə sanksiya tətbiq edilir?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Əsas: Vergi Məcəlləsi, 5.13-cü maddə və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun, 2.1-ci maddə.

İşçinin əsas iş yeri hesab olunan müəssisə ("Azərbaycan Dəmir Yolları" QSC) tərəfindən müharibə veteranı olan həmin şəxsə işdən azad olunduqdan sonra kollektiv sazişə əsasən orta aylıq əmək haqqından az olmayan məbləğdə hər ay ödəniş edilir. Bu halda: 1. Həmin ödəniş (gəlir) vergiyə hansı qaydada cəlb olunur? 2. Vergi Məcəlləsinin 102.1.6-cı və 102.2.7-ci maddələrində qeyd olunan çıxılmalar nəzərə alınırmı? "NAXÇIVAN DƏMİR YOLLARI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN YÜK VƏ SƏRNİŞİN DAŞIMALARI İDARƏSİ (VÖEN 0600159671)

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Buna əsasən işçinin kollektiv sazişə əsasən fiziki şəxsə əvvəlki iş yerindən ödənilən məbləğ onun muzdlu işdən əldə edilən gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb edilir və bu zaman Vergi Məcəlləsinin 102.1.6-cı və 102.2.7-ci maddələrində göstərilən güzəştlər nəzərə alınmır. Belə ki, həmin maddələrdə nəzərdə tutulan güzəştlər yalnız fiziki şəxsin əsas iş yerində tətbiq olunur.

1) Gözəllik salonunda fərdi qaydada manikür və pedikür xidməti göstərən fiziki şəxs vergi öhdəliyini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirə bilərmi? 2) Gözəllik salonunda həm fərdi qaydada manikür və pedikür xidməti həm də bərbər xidməti göstərən fiziki şəxs vergi öhdəliyini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirə bilərmi? CƏFƏROVA İLHAMƏ ARİF QIZI (VÖEN 0600102482)

Bildiririk ki, iqtisadi fəaliyyət növləri təsnifatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 14 noyabr 2008-ci il tarixli Kollegiya Qərarı ilə təsdiq edilmişdir. Həmin təsnifatda 96020 təsnifat kodu ilə təsnifləşdirilmiş “Bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi” altsinfinə kişilər və qadınlar üçün həyata keçirilən, saçların yuyulması, düzəldilməsi və qırxılması, formaya salınması, rənglənməsi, boyanması, burulması, düzəldilməsi və analoji işlər, həmçinin saqqalın qırxılması və düzəldilməsi, üzün massajı, manikür, pedikür, makiyaj və s. aid edilmişdir. Göründüyü kimi manikür, pedikür, makiyaj xidmətləri bərbərxana və gözəllik salonları tərəfindən göstərilən xidmətlərin tərkibinə aid edilir və həmin xidmətləri fərdi qaydada göstərən şəxslər tərəfindən vergi öhdəlikləri sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almaqla yerinə yetirilir.

Məcburi dövlət sosial siğorta ödənişlərindən yayınma halları üzrə vergi orqanları tərəfindən aparılacaq nəzarət (yoxlama) tədbirləri əvvəlki illəri əhatə edərək maliyyə sansksiyaları tətbiq edilə bilərmi ? Edilə bilərsə, hansı dövrədək şamil edilə bilər? Əliyev Müsrza Həsən oğlu (VÖEN 0400024742)

Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla) , vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları , vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial siğorta haqqı və işsizlikdən siğorta haqqına münasibətdə də tətbiq olunur. Eyni zamanda Məcəllənin 85.5.1-ci maddəsinə görə bu məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial siğorta haqqına münasibətdə tətbiq edilmir.Buna əsasən vergi yoxlamaları zamanı müddət məhdudiyyəti qoyulmadan məcburi dövlət sosial siğorta haqqlarının ödənilməməsinə görə maliyyə sanksiyaları tətbiq ediləcəkdir.

Sutkanın gündüz vaxtı ata,gecə vaxtı isə oğul eyni nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti həyata keçirirlər. Bu halda "Fərqlənmə nişanı" ata və oğul üçün ayrıca alınmalıdırmı? İsmayılov Mehman Yavər oğlu (VÖEN 0400161152)

Vergi Məcəlləsinin 219-cu maddəsinə əsasən taksi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri sadələşdirilmiş verginin vergitutma obyektidir. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Rüspublikasının ərazisində sərnişin daşıma fəaliyyətini həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay,rüb,yarımil və il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. Bununla yanaşı "Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədi əlavə edilməlidir. Eyni zamanda Vergi Məcəlləsinin 221.4.3-cü maddəsinə əsasən vəkalətnamə və ya icarə müqaviləsi əsasında istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirildikdə sadələşdirilmiş verginin ödənilməsinə nəqliyyat vasitəsini vəkalətnamə və ya icarə müqaviləsi ilə idarə edən şəxslər məsuliyyət daşıyırlar. Bütün digər hallarda sadələşdirilmiş verginin ödənilməsinə avtomobil nəqliyyatı vasitəsinin sahibi məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən , eyni nəqliyyat vasitəsinə görə təkrarən "Fərqlənmə nişanı"-nın alınması qanunvericilikdə nəzərdə tutulmur.

Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindəki “Vergilər üzrə vərəqə”sində artıq ödəmə məbləği, “Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsi”ndə isə borc (qalıq) məbləği var. Müvafiq ərizə forması ilə müraciət edərək artıq ödənilmiş vergi məbləğinin qaytarılması mümkündürmü? Nağıyev Rasim Nifti oğlu (VÖEN 0600096132)

Bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi, habelə vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

Hüquqi şəxs sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə əsas vəsaitləri həm idxal etməklə, həm də ölkə ərazisindən satınalmaqla əldə etmişdir. Bu zaman həmin mallara görə ödədiyi ƏDV məbləğlərini sadələşdirilmiş verginin ödəyicisi olduğu üçün əvəzləşdirmək hüququ olmamışdır. Daha sonra hüquqi şəxs ƏDV qeydiyyatına alınmışdır. Hüquqi şəxsin ƏDV qeydiyyatı ləğv edilən zaman Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən həmin əsas vəsaitlərə görə ƏDV öhdəliyi yaranırmı? ƏYLİS MMC (VÖEN 0600050511)

Bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir və ƏDV-yə cəlb olunur.

Vergi ödəyicisi olduğu yeri və ya yaşadığı yeri dəyişdikdə vergi orqanına məlumat verməlidir? Xahiş edirəm bu haqda mənə ətraflı məlumat verəsiniz. Hüseynov Mübariz Zeyqəm oğlu (VÖEN 0300197042)

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.3 maddəsinə əsasən Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir. Beləliklə qeydiyyatda olduğunuz yer və ya yaşadığınız yer dəyişdikdə eyni zamanda vergi orqanına uçota alınmaq üçün verdiyiniz ərizədə olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə yuxarıda qeyd olunan müddətdə vergi orqanına məlumat verməlisiniz.

Eyni anda həm ticarət ,həm də digər (xidmət) sahədə fəaliyyət göstərən fiziki şəxs məcburi dövlət sosial sığorta haqları üzrə hesabatı hansı forma növü üzrə təqdim etməli və məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri hansı dərəcələrlə ödəməlidir? Sadiqov Emil Tağı oğlu. (VÖEN 0400164842)

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş " Məcburi dövlət sosial sığorta haqqının toplanması Qayda"larının 5.16-cı yarımbəndində qeyd edilmişdir ki, bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə iqtisadiyyatın sahələri üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyünü ödəyirlər.Buna əsasən bildiririk ki, bir necə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlirlərindən məcburi dövlət sosial sığorta haqları həmin sahələr üzrə hesablanməş məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyü əsas götürülməklə müəyyən edilir. Bu zaman hesabat məcburi dövlət sosial sığorta haqqının hesablandığı həmin sahə üzrə təqdim edilir.

Fiziki şəxs həm əmlakın vergi ödəyicisi kimi vergi orqanında uçotda olan şəxsə icarəyə verilməsindən gəlir əldə edir, həm də bu fəaliyyətlə yanaşı pərakəndə ticarətlə məşğul olursa, pərakəndə ticarət fəaliyyətindən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirmi? Qeyd: Fiziki şəxsin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olmayacaq. Əzimov Zakir İsmayıl oğlu (VÖEN 0600069462)

Bildiririk ki, vergi qanunvericiliyinin müddəalarına əsasən əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxsin bu fəaliyyəti ilə bağlı sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığından əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxs gəlir vergisinin ödəyicisi hesab edilir. Əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxs bu fəaliyyət növü ilə yanaşı, digər fəaliyyəti növü ilə məşğul olduqda gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparmaqla digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdir.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahədə çalışan işçinin aylıq əmək haqqı məbləği 1000 manatdır. 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortasına işçinin əmək haqqı məbləğinin 40 faizinin (400 manat) yönəldilməsi nəzərdə tutulmuşdur. Bu halda: 1. İşəgötürən 400 manata sığortaedənin vəsaiti hesabına ödənilən sosial sığorta haqqı kimi 74 manat (44+(200*15%)) hesablayaraq həyatın yığım sığortasına cəmi 474 manat köçüməlidir? 2. 474 manat köçürməli olduğu halda, işəgötürən 74 manat məbləği gəlirdən çıxılan xərc kimi nəzərə ala bilərmi? 3. Muzdlu işlə əlaqədar gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı hesablanarkən hansı məbləğ (400 manat, yoxsa 474 manat) azad olunacaqdır? (Vergi Məcəlləsinin 102.1.8-ci maddəsi və “Sosial sığorta haqqında” qanunun 15-ci maddəsinin tətbiqi baxımından) Bənəniyar kənd İcra Nümayəndəliyi. (VÖEN 0600040421)

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır. Digər tərəfdən həyatın yığım sığortası müqaviləsinin bağlanmasının qaydaları və şərtləri vergi qanunvericiliyi ilə tənzimlənmir. Sığortaedənin vəsaiti hesabına ödənilən sosial sığorta haqlarından sığortaedən tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən həmin məbləğlər işçinin gəlirlərinə və həmin ödənişlər işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilir. Qeyd olunanlara əsasən sorğuda göstərilən halda neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlərdə işləyən işçinin gəlirlərindən həyatın yığım sığortasına köçürülən hissə, yəni vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsi çıxılmaqla qalan məbləğdən Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən gəlir vergisi, “Sosial sığorta haqqında” Qanunun 14.4-cü maddəsinə əsasən isə sosial sığorta haqları hesablanır.

Ofisiant fəaliyyəti ilə məşğul olan şəxs sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almaq üçün hansı mərhələdən keçməlidir və həmin qəbzi almadan fəaliyyət göstərilməsinə görə hansı məsuliyyət tədbiri görülə bilər? Xahiş edirəm bu haqda mənə ətraflı məlumat verəsiniz. Məmmədov Nail Arif oğlu. (VÖEN 0300683112)

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən 1 yanvar 2019-cu il tarixdən iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) aylıq 10 manat məbləğə Babək rayonu üçün 0,5 əmsalı tətbiq etməklə 5 manat sadələşdirilmiş vergi ödəyir və sadələşdirilmiş verginin ödənilməsi barədə qəbz almaqla öz vergi öhdəliklərini yerinə yetirməlidirlər. Bu zaman ofisiantla şadlıq evini işlədən vergi ödəyicisi arasında əmək müqaviləsinin bağlanmasına zərurət yaranmır.

Hər hansı bir məhsulun (mebel) istehsalı ilə məşğul olan və işçilərinin sayı 10 nəfərdən az olan vergi ödəyicisi aşağıdakı hallarda sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirmi: 1. İstehsal etdiyi malları hüquqi şəxslərə satır; 2. İstehsal etdiyi malları həm hüquqi şəxslərə, həm də vergi ödəyicisi olan və ya olmayan fiziki şəxslərə (əhaliyə) satır. Hüseynov Arzu İdris oğlu (VÖEN 0700246292)

Sizin 25.02.2019-cu il tarixli nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.İstehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti ticarət fəaliyyəti hesab olunur. Qeyd edilənlərə əsasən işçi sayı 10 nəfərdən az olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin istehsal etdiyi malları həm vergi ödəyicilərinə, həm də vergi ödəyicisi olmayan fiziki şəxslərə (əhaliyə) təqdim etməsindən asılı olmayaraq həmin şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin məcburi dövlət sosial və işsizlikdən sığorta haqları hesablanan gəliri hesab edilirmi? Bəyalı Kiçik Müəssisəsi (VÖEN 0700054071)

Vergi Məcəlləsinin 98.3-cü maddəsinə əsasən faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu xərclər fiziki şəxslərin gəlirinə daxil edilmir və bu ödənişlərdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

İaşə obyektlərində fəaliyyət göstərən salat hazırlayan, xadimə və qabyuyan digər analoji işlərə aid edilərək “Sabit verginin ödənilməsi haqqında qəbz” almaqla fəaliyyət göstərə bilərmi? İbrahimov Mahmud Yadulla oğlu (VÖEN 0600051972)

Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən cədvələ əsasən iaşə obyektlərində fəaliyyət göstərən salat hazırlayan, xadimə və qabyuyan fiziki şəxslər sabit qəbz almaq hüququ olan vergi ödəyicilərinin siyahısına daxil edilməmişdir.

Mülkiyyətində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində təhlükəli yüklərin daşınmasını həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN CULFA RAYON "KARBON QAZI ZAVODU" MMC (VÖEN 0600006291)

Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq sadələşdirilmiş verginin ödəyiciləridir.

Mülkiyyətimdə olan kənd təsərrüfatına yararlı torpaq sahəsi icarəyə verildiyi zaman məcburi dövlət sosial sığorta haqqına cəlb ediləcəkmi? Zeynalov Məmməd Əmirəli oğlu, Babək rayonu, Xal-xal kəndi.

Bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanununun 14.5.6-cı maddəsinə görə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Qanunun 15-ci maddəsinin 12-ci abzasına əsasən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növünə aid edilmişdir. Bundan əlavə, icarəyə götürülmüş kənd təsərrüfatına yararlı torpaqlar üzrə Qanunun 14.5.6-cı maddəsi tətbiq edilmir. Sualınıza cavab olaraq bildiririk ki, mülkiyyətinizdə olan kənd təsərrüfatına yararlı torpaq sahəsi icarəyə verildiyi üçün məcburi dövlət sosial sığorta haqqına cəlb edilməyəcəkdir. Əlavə olaraq qeyd edilməlidir ki, mülkiyyətinizdə olan həyətyanı torpaq sahəsinə (0,4 hektar) görə siz illik 4 manat (4000 m2/100*0,1=4 manat) və kənd təsərrüfatına yararlı torpaq sahənizə (0,8 hektar) görə ödəməli olduğunuz illik torpaq vergisinin miqdarı torpağın keyfiyyət qrupundan asılı olaraq 1 şərti bal üçün 0,06 manat olmaqla hesablanaraq bələdiyyə büdcəsinə ödənilməlidir. Həmçinin mülkiyyətinizdə olan daşınmaz əmlakınızı (torpağınızı) icarəyə verdiyiniz üçün icarə haqqından illik 100 manat gəlir əldə edən fiziki şəxs kimi 14 faiz dərəcə ilə (100*14%=14 manat) ödəmə mənbəyindən vergi ödəməlisiniz. Yuxarıda qeyd olunanlar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 124-cü, 206-cı maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü və 15-ci maddələri ilə tənzimlənir.

Online olaraq internet üzərindən satış həyata keçirmək istəyirik. Bu barədə vergilər haqqında məlumat almaq istərdk. Neçə vaxta VÖEN almaq olur? Ödəniş nə qədərdir? VÖEN açdıqdan sonra aylıq nə qədər vergi ödənilir? VÖEN əldə etmək üçün hansı sənədlər lazımdır? Zəhmət olmasa cavablandırardız. Təşəkkürlər. Rzazadə Uğur ugurrzazade2016@gmail.com

Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə görə isə gəlir dedikdə malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir başa düşülür. Bundan əlavə Vergi Məcəlləsinin 34.1-ci maddəsinə görə vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Həmçinin Vergi Məcəlləsinin 34.2-ci maddəsinə görə vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi Məcəlləsinin 34.5-ci maddəsinə görə uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir. Müraciətinizə cavab olaraq bildiririk ki, onlayn qaydada ticarət fəaliyyəti ilə məşğul olunan zaman gəlir əldə edildiyi üçün vergi öhdəliyi yaranır və dövriyyədən asılı olaraq müvafiq vergitutma metodu seçilir. Ticarət fəaliyyəti zamanı şəxs ilk növbədə vergi orqanlarına ərizə ilə müraciət edərək vergi uçotuna alınmalı, buna uyğun olaraq vergi ödəyicilərinin eyniləşdirmə nömrəsini (VÖEN) əldə etməli, daha sonra fəaliiyət göstərəcəyi təsərrüfat subyektini (obyektin) müəyyən etməli, obyekti və həmin obyektdə quraşdırılacaq nəzarət-kassa aparatını vergi orqanlarında qeydiyyatdan keçirərək fəaliyyət göstərməlidir. Sahibkar kimi fəaliyyətə başladıqdan sonra seçdiyiniz vergitutma metoduna uyğun olaraq ödəyəcəyiniz verginin miqdarı və ödəmə müddətləri müəyyən olunur. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13.2.4-cü, 13.2.12-ci, 34.1-ci , 34.2-ci, 34.5-ci maddələri ilə tənzimlənir.

Salam bir sualım var bizi məlumatlandırsanız çox şad olarıq. Deməli bir internet saytı qurmağı düşünürüy E-Ticarət saytı olacaq qadın geyimləri, biz özümüz mal satışı etmiyəcəyik başqa mağazaların mallarını reklam edəcəyik sadəcə, yəni satışla əlaqəmiz olmayacaq. Bunun üçün vergi ödənməlidirmi? Ödənməlidirsə hansı proseduru izləməliyik? Abbasov Umud Allahverdi oğlu. umud085@gmail.com

Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə görə isə gəlir dedikdə malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir başa düşülür. Bundan əlavə Vergi Məcəlləsinin 34.1-ci maddəsinə görə vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Məktubunuza cavab olaraq bildiririk ki, reklam xidməti müqavilə əsasında göstərilən ödənişli bir xidmət növüdür və reklam fəaliyyəti zamanı əldə edilən gəlir vergitutma obyektidir. Beləliklə siz, gəlir əldə edən bir şəxs kimi ilk növbədə vergi orqanlarına ərizə ilə müraciət edərək vergi uçotuna alınmalı, buna uyğun olaraq vergi ödəyicilərinin eyniləşdirmə nömrəsini (VÖEN) əldə etməli, daha sonra fəaliyyət göstərəcəyiniz təsərrüfat subyektini (obyekti) müəyyən etməli, obyekti və həmin obyektdə quraşdırılacaq nəzarət-kassa aparatını vergi orqanlarında qeydiyyatdan keçirərək fəaliyyət göstərməlisiniz. Ödəməli olduğunuz vergi isə dövriyyənizdən asılı olaraq seçdiyiniz tədiyyə növünə uyğun müəyyən olunacaqdır. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13.2.4-cü, 13.2.12-ci, 34.1-ci maddələri ilə tənzimlənir.

Salam. Mən Bakıda dükan açmaq istəyirəm. Naxçıvanda yaşayıram. Burda VÖEN açdırıb Bakıda işləyə bilərəm? Yoxsa Bakıda açdırmaq lazımdı? Bir zəhmət mənə izah edərdiniz. Sağolun. Azər Azəroviç. azeriorsk@gmail.com

Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun olaraq onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Ərizə”si ilə (ərizəyə şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməklə) şəxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə müraciət etməklə vergi uçotuna durmalı və qeyd edilən ərizədə mövcud vergitutma sistemlərindən birini göstərməlidir. Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə görə vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Müraciətinizə cavab olaraq bildiririk ki, sizin olduğunuz yer üzrə vergi uçotuna alınmanız (Bakı şəhərində) yalnız Qanunda qeyd olunan qaydada zəruri hərəkətlərin edilməsindən, yəni sizin müraciətinizə əsasən müvafiq dövlət orqanı tərəfindən qeydiyyata alınmanızdan sonra mümkündür. Əks halda siz, yaşadığınız yer üzrə (Naxçıvan şəhəri) vergi orqanına vergi uçotuna alınmaq üçün ərizə ilə müraciət etməlisiniz. Həmçinin siz yaşadığınız yerdə vergi uçotuna alınaraq, başqa bir ünvanda fəaliyyət göstərmək istədikdə təsərrüfat subyektinizin (obyektinizin) olduğu ünvan üzrə yenidən uçota alınmalısınız. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13.2.4-cü, 33-cü, 34-cü, 34.3-1-ci maddələri və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununu ilə tənzimlənir.

Topdansatış fəaliyyəti ilə məşğul olan şəxs digər vergi ödəyicisi olan şəxsə təqdim etdiyi malların dəyərini nağd qaydada qəbul etdiyi və ödənişi təsdiq edən sənəd təqdim etmədiyi halda Vergi Məcəlləsinə əsasən ona hansı maliyyə sanksiyaları tətbiq edilə bilər? Süleymanov Həsənalı Ramazan oğlu (VÖEN 0600070822)

Topdansatış fəaliyyəti ilə məşğul olan şəxs digər vergi ödəyicisi olan şəxsə təqdim etdiyi malların dəyərini nağd qaydada qəbul etməsinə və ödənişi təsdiq edən sənəd təqdim etməməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Şəxs taxta materiallarının topdan satışı üzrə sahibkarlıq fəaliyyətinə başlamaq niyyətindədir. Bunun üçün şəxs vergi uçotuna alınaraq obyektinə NKA alacaq. Alıcı şəxslərə ödənişin müqabilində NKA çeki təqdim ediləcəkdir. Əlavə olaraq sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim ediləcəkdir. Bu şəxsin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ varmı? Kərimov Yaşar Abbas oğlu (VÖEN 0600033112)

Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinə əsasən malların topdansatış qaydasında təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Topdansatış ticarət obyektindən malların pərakəndə satışı qadağandır. Eyni zamanda topdansatış qaydasında təqdim edilən mallara görə alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilmir.

Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olanlar əldə etdikləri gəlirdən nə qədər vergi ödəməlidirlər? Haşımov Bəxtiyar Yusif oğlu (VÖEN 0400053252)

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 220.10-cu maddəsinin müddəalarına əsasən, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) Ordubad şəhəri və rayonun digər ərazilərində bərbər fəaliyyəti ilə məşğul olan şəxslər “Sabit verginin ödənilməsi haqqında qəbz” alaraq, ayda 7 manat 50 qəpik məbləğində sadələşdirilmiş vergi ödəməlidirlər. Sadələşdirilmiş verginin ödənilməsi barədə sabit qəbz əldə edən şəxslərin vergi öhdəliyi yerinə yetirilmiş hesab edilir. Bərbər fəaliyyəti ilə məşğul olan şəxslərin vergi orqanına bəyannamə təqdim etmək öhdəlikləri yaranmır. Məlumat üçün qeyd edək ki, vergi ödəyicisi “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Vergi ödəyicisi hesablanmış sabit vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra ona müvafiq olaraq kağız daşıyıcısında və ya elektron qaydada “Sabit verginin ödənilməsi haqqında qəbz” verilir.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxs tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan kənd təsərrüfatı məhsullarının istehsalıçılarından kənd təsərrüfatı məhsullarının alınaraq müəssisəyə təqdim edilməsi zamanı həmin müəssisə tərəfindən ödəmə mənbəyində vergi tutulmalıdır, yoxsa istehsalçıdan alıb müəssisəyə təqdim edən şəxs vergi uçotuna alınaraq vergi öhdəliyini özü yerinə yetirməlidir? Cəfərov Əfqan İbrahim oğlu

Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi orqanında uçotda olmayan şəxs tədarük etdiyi kənd təsərrüfatı məhsullarını müəssisəyə təqdim edərkən həmin şəxsdən ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulur.

"Balıqyetişdirmə" fəaliyyəti kənd təsərrüfatı məhsullarının istehsalına aid edilirmi və Vergi Məcəlləsində hansı güzəştlər nəzərdə tutulub? Məmmədov Əmir Əli oğlu (VÖEN 0400075551)

Bildiririk ki, məhsul növlərinin təsnifatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimlənir. Həmin təsnifatın A seksiyası “kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq məhsulları” olmaqla üç bölmədə qruplaşdırılmışdır. Balıqçılıq məhsulları üçüncü bölmədə “balıq və sair balıqçılıq məhsulları” kimi sinifləşdirilmişdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin “a” bəndinə (müəssisə ləğv edildikdə) əsasən əmək müqaviləsinə xitam verildikdə işçiyə ödənilən müvafiq təminatlar gəlir vergisinə cəlb edilrmi?

Bildiririk ki, Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq işçilərin sayı və ştatları ixtisar edildikdə və ya müəssisə ləğv edildikdə işçiyə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında nəzərdə tutulan işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı işçiyə həmin Məcəllənin 77-ci maddəsinin 5-ci hissəsində göstərilən qaydada ödənilir. Bununla yanaşı, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində Əmək Məcəlləsinə müvafiq ödənilən təminatların gəlir vergisindən azad edilməsi yalnız işçilərin sayı və ya ştatların ixtisar edildiyi hallara şamil edildiyindən həmin vergi güzəştinin müəssisə ləğv edildiyi zaman işçiyə ödənilən müavinətlərə tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 101.1-ci, 102.1.4-cü və Əmək Məcəlləsinin 70-ci və 77-ci maddələri ilə tənzimlənir.

end faq