Elektron Qaimə-Faktura

eqaime Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89-№-li qərarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan  Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edirlər. Elektron qaimə-fakturaları göndərmək üçün vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsinə (o cümlədən, Asan İmza) malik olmalıdır. Elektron qaimə-fakturaların göndərilməsi aşağıdakı iki üsulla həyata keçirilir:

 “Onlayn rejimdə” -  vergi ödəyicisi saytımızda olan İnternet Vergi İdarəsi portalına “DAXİL OL” düyməsini seçməklə elektron xidmətlər bölməsinə daxil olur. O, sistemə audentifikasiya olunmaq üçün “Asan İmza” və ya “e-İmza” bölmələrindən birini seçir və sonra “e-Qaimə” altbölməsinə daxil olmaqla onlayn rejimdə elektron qaimə-fakturanı tərtib edərək digər vergi ödəyicisinə təqdim edir.
           
“Oflayn rejimdə” - vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün xüsusi proqram təminatının (“Elektron Faktura Tərtibatı Proqramı – eFP”) sonuncu versiyasını və digər zəruri proqramları saytımızın "elektron vergi" menyusunun "yükləmələr" bölümündən öz kompüterinə yükləyir, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlayır və paketləyir. Sonra o, gücləndirilmiş elektron imza vasitəsindən (Asan İmza və ya Elektron İmza) istifadə etməklə İnternet Vergi İdarəsinin elektron xidmətlər bölməsindən “e-Qaimə” altbölməsini seçib sistemə daxil olur və hazırladığı paketi faylı “Paket hazırla” düyməsi vasitəsilə sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya və nömrələr verilir və onlar “Qaralama” qovluğuna düşür. Burada həmin elektron qaimə-fakturalar üzərində istifadəçi tərəfindən müvafiq əməliyyatlar aparıla bilər. Sonda isə elektron qaimə-fakturalar tək-tək və ya dəst şəklində onlayn rejimdə imzalanaraq göndərilir. Çox sayda elektron qaimə-fakturalar təqdim edən vergi ödəyicilərinin bu rejimdən istifadə etməsi tövsiyə olunur.

 LAZIMLI PROQRAMLAR:
    
 Elektron qaimə-fakturanın “oflayn rejim”də hazırlanması üçün tələb olunan proqram təminatı “Elektron Vergi Hesab-Fakturası (eFP)” proqramının (1.1.3-cü versiyasından başlayaraq) tərkibinə əlavə edilmişdir. Bunun üçün lazım olunan proqram təminatlarını aşağıdakı ardıcıllıqla kompüterinizə endirərək qurmağınız tələb olunur:
    
            
Variant 1. Əgər, eFP proqramı kompüterinizə əvvəlcədən qurulmamışdırsa:
    
a) JRE (JAVA RUNTIME ENVIRONMENT) proqram  paketinin  v1.6.022 versiyası
    
b) eFP v1.0.0 (Tam versiya)
    
c) eFP_Patch2.0.5 (Əlavə və Düzəlişlər)(Yenilənmə Tarixi: 22.01.2018)    
            
Variant 2. Əgər, eFP proqramı artıq kompüterinizə qurulmuşdursa:
    
a) eFP_Patch2.0.5 (Əlavə və Düzəlişlər) (Yenilənmə Tarixi: 22.01.2018)