Dövlət Vergi Xidməti əməkdaşları “Muzey günləri” çərçivəsində “Qarabağlar Türbə Kompleksi”ni ziyarət ediblər


Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti əməkdaşlarının muzeylərə kollektiv gedişi davam edir. 21 may 2022-ci il tarixdə Xidmətin kollektivi “Muzey günləri” çərçivəsində “Qarabağlar Türbə Kompleksi”ni ziyarət ediblər. Ziyarətçilərə məlumat verilib ki, XII-XIV əsrlərə aid edilən bu kompleksdən dövrümüzədək qoşa minarəli baştağ və türbə gəlib çatıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli sərəncamına uyğun olaraq türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa olunub.
Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsidir.
Kompleksin xanəgah hissəsində xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri nümayiş olunur.
Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti