Babək rayonunun Güznüt kəndində nağdsız ödəniş xidmətlərinin tətbiqi və POS-terminallardan istifadənin üstünlükləri mövzusunda tədbir keçirilib
Babək rayonunun Güznüt kəndində nağdsız ödəniş xidmətlərinin tətbiqi və POS-terminallardan istifadənin üstünlükləri mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Röyal Həsənov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 avqust 2019-cu il tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası istiqamətində aidiyyatı dövlət orqanları ilə birlikdə maarifləndirmə, məlumatlandırma işləri davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev nəzərə çatdırıb ki, nağdsız ödəniş vasitələrinin genişləndirilməsi, ödəniş kartları vasitəsi ilə nağdsız ödənişlərin həcminin artırılmasının iqtisadiyyatın inkişafında əvəz olunmaz rolu vardır. Nəzərə alsaq ki, müasir dövrümüzdə ağıllı telefonlara tətbiq olunan xüsusi proqram vasitəsi ilə rahat və təhlükəsiz qaydada kommunal xidmətlər, kredit ödənişləri, mobil rabitə üzrə ödənişlər, bir hesabdan digər hesaba vəsaitlərin köçürülməsi və digər bank xidmətlərini həyata keçirilməsi mümkündür. Əhaliyə xidmət göstərən bankın mobil bank tətbiqini mobil telefonlara yükləməklə qeyd olunan xidmətlərdən tam şəkildə istifadə etmək əlçatanlığı yaranır. Digər bir ödəniş vasitəsi olan POS-terminallarla ticarət mərkəzlərində, iaşə obyektlərində kart vasitəsilə malların, iş və xidmətlərin dəyərini rahat şəkildə ödənilməsinə şərait yaradır. Sahibkarlar da, həmçinin bank hesablarına bağlı olan plastik kartlardan istifadə etməklə vergi və digər kommunal ödənişlərini, ticarət əməliyyatlarını yerinə yetirirlər. Göründüyü kimi POS-terminal həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün çox faydalıdır.
Sonra Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Ceyhun İbrahimov bildirib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində nağdsız ödənişin həcmində daim artım müşahidə olunub, əhaliyə göstərilən xidmətlərin sayı artırılaraq elektron hesablaşmaların əhatə dairəsi genişləndirilib. Belə ki, muxtar respublikada ödəniş kartlarının sayı 277 min 905 ədəd təşkil edib ki, bu da ümumi əhalinin 62 faizini təşkil edir. Quraşdırılan POS-terminalların sayı 1548 ədəd olub. Onların da 95 ədədi Babək Rayon ərazisindədir. Həmçinin rayon ərazisində 6 ədəd bankomat aparatı, 10 ədəd ödəniş terminalı quraşdırılıb. Cari ilin 3 ayında rayon ərazisində quraşdırılan POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyatların həcmi isə 492 min 934 manat olub.
Həmçinin, diqqətə çatdırılıb ki, muxtar respublikada nağdsız dövriyyənin artırılmasında xüsusilə fərqlənmiş şəxslərin daha da həvəsləndirilməsinə, bu sahədə kütləviliyinin artırılmasına nail olmaq məqsədilə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirlər Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın rayonlarında da keçirilir. Bu günə kimi keçirilən 16 tirajda Babək Rayonu üzrə 498 nəfər olmaqla ümumilikdə 4733 muxtar respublika sakininə 290 min manat dəyərində hədiyyələr təqdim olunub.
Sonda sakinləri maraqlandıran suallar cavablandırılıb və “nağdsız ödəyin-hədiyyə qazanın” adlı həvəsləndirici tədbirlərin maarifləndirci bukletlər iştirakçılara paylanılıb.
Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti