2022-ci ilin birinci yarımili müzakirə olunub



Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və 2022-ci ilin birinci yarımilində görülmüş işlər müzakirə olunub. Kollegiya iclasında Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev qeyd edib ki, 2022-ci ilin birinci yarımilində muxtar respublikada özəl sektorun inkişafına dövlət dəstəyi nəticəsində makroiqtisadi göstəricilər üzrə artım dinamikası davam edib, nəticədə dövlət büdcəsi üzrə proqnozlar artıqlaması ilə icra olunub. Belə ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının vergi orqanları üzrə müəyyən olunmuş proqnoz 104,4 faiz icra edilib. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqa¬yisədə 9,5 faiz çoxdur. 2022-ci il müvafiq dövrü üzrə müəyyənləşdirilmiş proqnozlar yerli vergi orqanlarının hər biri üzrə yerinə yetirilib.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə toplanan vəsait 112,5 faiz, Naxçıvan Muxtar Respublikasının İşsizlikdən Sığorta Fondunun büdcəsinə toplanan vəsait 109,7 faiz icra olunub.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən 2022-ci ilin birinci yarımilində Tədbirlər Planları təsdiq olunub və icrası təmin edilib.
Sahibkarlıq fəaliyyətinə başlamaq üçün prosedurların və vaxt itkisinin dəfələrlə azalmasına gətirib çıxarmış “Bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 10 hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Həmçinin bu dövrdə yerli vergi orqanları tərəfindən 1414 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 80,5 faizi muxtar respublikanın rayonlarının payına düşüb ki, bu da sahibkarlığın inkişafına dövlət dəstəyinin, vergi yoxlamalarının sayının azaldılmasının, sahibkarlar arasında maarifləndirmə və məlumatlandırma işlərinin aparılmasının nəticəsidir. Həmçinin bildirilib ki, 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər bütün vəzifəli şəxslər tərəfindən dərindən öyrənilməklə, cari vergi ilində bu dəyişikliklər barədə vergi ödəyicilərinin maarifləndirilməsi və məlumatlandırılması işi davam etdirilib.
Diqqətə çatdırılıb ki, Dövlət Vergi Xidmətinin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşaraq, onların icrasının təmin edilməsi istiqamətində bütün tədbirləri həyata keçirəcəkdir.
İclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti rəisinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov nəzərə çatdırıb ki, hesabat dövrü ərzində vergi ödəyicilərinə xidmət strukturları tərəfindən 14 kənd mərkəzində maarifləndirici görüşlər keçirilib, vergi ödəyicilərinin elektron ünvanlarına ümümilikdə 46 min 125 bildiriş və müraciətlər göndərilib, 13 vergi ödəyicisinin 54 işçisi əməkhaqqı kartı ilə təmin olunub.
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən görülmüş tədbirlərin nəticəsidir ki, 1 iyul 2022-ci il tarixə vergi borcu olmamışdır.
2022-ci ilin birinci yarımilində nağdsız ödənişlərin həcminin artırılması məqsədilə, “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirlər keçirilib, nağdsız hesablaşmalardan istifadə edərək 400 manatdan yuxarı məbləğdə nağdsız ödəniş aparan vətəndaşların həyata keçirdiyi məbləğlərə uyğun olaraq 431 vətəndaşa 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.
Sonra Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi Rəşad Əliyev və Şərur Rayon Vergilər İdarəsinin rəisi Rəfail Əliyev məruzə ətrafında çıxışlar edərək görülən işlər və qarşıda dayanan vəzifələr haqqında məlumat veriblər.
Sonda Xidmətin kollegiya qərarı qəbul edilib.
Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti