Şərur Rayonunun Düdəngə kəndində “Nağdsız ödəniş”lərin üstünlükləri izah olunub

tedbir Dudenge 09.06.2022    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə Şərur Rayonunun Düdəngə kəndində “nağdsız ödənişlərin üstünlükləri” və POS-terminallardan istifadə mövzusunda maarifləndirici tədbir keçirilib.

     Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi Osman Cəlil bildirib ki, 9 avqust 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə” Dövlət Proqramın təsdiqi ilə bağlı nağdsız hesablaşmalar sahəsində görülmüş işlərin növbəti mərhələsi olan Proqram əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsi məqsədini daşıyır.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin əməkdaşı Fərid Əliyev qeyd edib  ki, nağdsız ödəniş pul nişanlarından istifadə etmədən ödəniş vasitələri olan ödəniş kartları, ödəniş tapşırığı, mobil telefon aparatları, kompüter və digər avadanlıq vasitəsilə  pul və­saitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi yolu ilə həyata keçirilən hesablaşmadır. Ödəniş kartı ilə ticarət mərkəzlərində, iaşə obyektlərində aparılan ödənişlər elektron ödəniş aləti olan POS-terminal vasitəsilə həyata keçirilir. POS-terminal kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş avadanlıqdır.

     Həmçinin, plastik kartlardan istifadə büdcəyə nəzarət imkanı verməklə yanaşı, tətbiq edilməsinin rahat olmasıdır.  Nağdsız ödəniş sistemi maliyyə vəsaitlərinin dövriyyəsinin sürətlənməsi, nağd pul kütləsinin ixtisarı, ödəniş məbləğinin dəqiq aparılması kimi iqtisadi, vaxt itkisinin aradan qaldıran və sosial əhəmiyyətli üstünlüklərə malikdir. Muxtar respublikada nağdsız dövriyyənin artırılmasında xüsusilə fərqlənmiş şəxslərin daha da həvəsləndirilməsi məqsədilə aidiyyatı dövlət orqanları və banklar tərəfindən xüsusi kampaniyalar da keçirilir. Belə tədbirlərdən olan “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirlər Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın rayonlarını da əhatə edir. Bu günə kimi keçirilən 16 tirajda 733 nəfəri Şərur rayonundan olmaqla, ümumilikdə muxtar respublika üzrə 4733 sakinə 290 min manat dəyərində hədiyyələr təqdim olunub.

     Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Behruz Hüseynov nəzərə çatdırıb ki, nağdsız ödənişlərin inkişafı üçün lazımi infrastrukturun yaradılması ilə yanaşı maarifləndirici və həvəsləndirici tədbirlərin keçirilməsi nəticəsində əhalidə nağdsız ödənişlərə maraq daha da artır, nağdsız ödənişləri əhatə dairəsi genişlənir. Bildirib ki, 01 may 2022-ci il tarixə muxtar respublika ərazisində  quraşdırılan bankomatların sayı 117 ədəd, POS-terminalların sayı 1557 ədəd, ödəniş terminallarının sayı 150 ədəd təşkil edib. Quraşdırılan POS-terminalların 246 ədədi, bankomatların 16 ədədi, ödəniş terminallarının isə 23 ədədi Şərur rayon ərazisində yerləşir. 1 may 2022-ci il tarixə ödəniş kartlarının sayı 284 min 898 ədəd təşkil edib ki, bu da ümumi əhalinin 64 faizinin kartla təmin olunması deməkdir. Qeyd olunan tarixə muxtar respublika üzrə nağdsız ödənişlərin həcmi 52 milyon 111 min 850 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 766 min 762 manat çoxdur. Ödənişlərin 14 milyon 610 min 834 manatı POS-terminallar, 37 milyon 501 min 16 manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.

     Nəzərə çatdırılıb ki, müasir dövrdə  ağıllı telefonlara tətbiq olunan xüsusi proqram vasitəsi ilə rahat və təhlükəsiz qaydada kommunal xidmətlər, kredit ödənişləri, mobil rabitə üzrə ödənişlər, bir hesabdan digər hesaba vəsaitlərin köçürülməsi və digər bank xidmətlərini həyata keçirilməsi  mümkündür. Naxçıvanbank” ASC-yə məxsus ödəniş kartları üçün “CİB”, Beynəlxalq bank ASC-yə məxsus ödəniş kartları üçün “İBA-mobile”, Kapitalbank-ASC-yə məxsus ödəniş kartları üçün isə “BİRBANK” mobil tətbiqindən istifadə etməklə sadalanan xidmətlərdən rahat yararlanaraq ödənişləri nağdsız qaydada və vaxta qənaət etməklə yerinə yetirmək olar.

     Sonda sakinləri maraqlandıran suallar cavablandırılıb və “nağdsız ödəyin-hədiyyə qazanın” adlı həvəsləndirici tədbirlərin maarifləndirci bukletlər iştirakçılara paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2023

242154
Bu gün
Dünən
Bu ay
241
235
476