Dövlət Vergi Xidmətinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində olublar
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Dövlət Vergi Xidmətinin muzeylərə kollektiv gedişi davam etdirilir. Sentyabrın 26-da Xidmətin kollektivi “Muzey günləri” çərçivəsində bu dəfə Naxçıvan Dövlət Xalça Muzeyində olublar.
Muzeyin bələdçisi Naxçıvan Dövlət Xalça Muzeyinin 1998-ci ilin aprelindən fəaliyyət göstərdiyini qeyd edib. Diqqətə çatdırıb ki, Qala məhəlləsinin Xan dikində - 200 illik tarixə malik Xan sarayında fəaliyyətə başlayan muzey 2010-cu ildən Heydər Əliyev prospektindəki yeni binaya köçürülüb. Vurğulanıb ki, Naxçıvan Dövlət Xalça Muzeyində nümayiş etdirilən nümunələrin sayı 320-dən çoxdur. Burada müasir qoruma standartlarına uyğun şərait yaradılıb. Xovsuz və xovlu xalça növləri, habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri muzeyi bəzəyir. İndi bu mədəniyyət ocağında Naxçıvan qrupuna aid 120 xalça nümayiş etdirilir. Habelə "Azər-İlmə" tərəfindən dünyanın müxtəlif ölkələrindən, şəxsi kolleksiyalardan əldə olunan 29 xovlu və xovsuz xalça, xalça məmulatları - üç məfrəş, xurcun, duz torbası muzeyə hədiyyə olunub.
Xalça toxuma sənətinin muzeydə canlı olaraq nümayiş olunması Xidmət əməkdaşları tərəfindən maraqla qarşılanıb və hər bir ekspozisiya nümunəsi diqqətlə incələnib.
Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti