Tarix əzəli həqiqəti bir daha sübut etdi

Daha bir qəhrəmanlıq dastanı tarix dərsliklərinin səhifələrində və millətin şüur yaddaşında qızıl hərflərlə yazılır. Amma bu dəfə yazanlar yazar və ya tarixçilər deyil, şanlı Azərbaycan əsgərləridir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək, tarixi torpaqlarını azad etmək üçün Ali Baş Komandanın hər zaman dediyi sözü yerinə yetirdi: “Biz öz torpaqlarımızı hansı vasitələrlə olur olsun azad edəcəyik”.

    Bəli, Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixdə erməni təxribatının qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatına başladı.

    Düşməninsə ağlında, xəyalında 1990-cı illərdəki zəif silahlanmış ordu qalmışdı. Bu onların tarixi səhvi, dayaz düşüncələri idi. Və ilk günlərdən ordumuz bir-bir öz dədə-baba torpaqlarını azad etməyə başladı. Qısa müddətdə müharibənin gedişi o qədər sürətlənmişdi ki, düşmən çaşbaş qalıb, sadəcə, “taktiki gediş edib geri çəkilirik” cümləsini özləri üçün şüar etmişdi. Müharibənin gedişi istər düşmən tərəfdən, istərsə də dünya mediası tərəfindən hibrid müharibə, 5-ci nəsil müharibəsi kimi təsvir olunurdu. Bilirsinizmi niyə? Çünki o texnikanı, texnologiyanı idarə edən də məhz igid Azərbaycan oğulları idi. 1990-cı illərdə əliyalın xalqa divan tutan mənfur düşmən artıq anlayırdı ki, o illərdə qucaqda didərgin düşmüş körpələr bu gün tank belində, əldə silah öz yurd-yuvalarına qayıdırlar və bu sübut olunub ki, Vətən eşqilə edilən dava, mücadilə hər zaman Qələbə ilə başa çatır.

     “Torpaq, uğrunda ölən varsa, Vətəndir”. Şəhidlərimiz oldu, biz onların qarşısında baş əyirik, onların ruhu hər zaman anılacaq, Azərbaycan var olduqca onlar yaşayacaqlar. Qazilərimiz var, onlar tarix yazan canlı əfsanələrdir, müharibənin şahidi olan bu insanlarla söhbət edən zaman düşüncələrdə yalnız bir şey formalaşır: qələbə necə qorxmazlıqla və şücaətlə əldə edilib və həqiqətən də, belə igid oğulları olan bu millət heç vaxt basılmaz.

     Ali Baş Komandanın xalqa müraciətləri və nəticə etibarilə, şanlı Qələbə xəbəri bütün dünyanı lərzəyə saldı. Hətta Qələbə xəbərinin gecənin bir yarısı elan edilməsinə baxmayaraq, bütün Azərbaycan küçələrə axışdı. Xalqımızın qəlbindəki zəfər fərəhi, qələbə sevinci Azərbaycanı fərqli bir bayram havasına bürüdü. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad edən şanlı Ordumuz dünyaya bir daha sübut etdi ki, bu xalq, bu millət nəyə qadirdir. İstər ən müasir silahlardan istifadə etmək bacarığı, istərsə də yaxın döyüş növü üzrə aparılan əməliyyatlar bu Ordunun qarşısında dayanacaq bir qüvvənin olmadığını göstərdi. Bu həm də vahid şəkildə həyata keçirilən döyüş əməliyyatının düzgün qurulması və planlı şəkildə həyata keçirilən ssenari ilə bağlı idi.

     Müharibənin gedişində yastığını Vətən daşı, yorğanını qar bilən, bizə hələ balaca, yaşlarımızdan öyrədilən ANA, VƏTƏN sözlərinin əsl mənasını yaşadan, ana qucağında həyatı dərk edib, Vətən qucağında qəhrəmanlıq göstərərək Azərbaycan bayrağını azad edilmiş torpaqlarda dalğalandıran, mərd oğullar, Allah Sizi qorusun!

Qəzənfər BAYRAMOV
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin
mətbuat və 
ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2020

028470
Bu gün
Dünən
Bu ay
540
262
6257