2020-ci ilin birinci yarısının yekunları müzakirə olunub

     Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələr və 2020-ci ilin birinci yarısında görülmüş işlər müzakirə olunub. Kollegiya iclasında Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev qeyd edib ki, 2020-ci ilin birinci yarısında muxtar respublikada özəl sektorun inkişafına dövlət dəstəyi nəticəsində makroiqtisadi göstəricilər üzrə artım dinamikası davam edib, nəticədə dövlət büdcəsi üzrə proqnozlar artıqlaması ilə icra edilib. Belə ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının vergi orqanları üzrə müəyyən olunmuş proqnoz 102 faiz icra edilib. 2020-ci ilin birinci yarımili üzrə müəyyənləşdirilmiş proqnozlar yerli vergi orqanlarının hər biri üzrə artıqlaması ilə icra edilib. Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üzrə proqnoz 116,9 faiz, Naxçıvan Muxtar Respublikasının İşsizlikdən Sığorta Fondunun büdcəsi üzrə proqnoz isə 110,9 faiz icra olunub.

     “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icarsına uyğun olaraq 25 vergi ödəyicisində aparılan monitorinq zamanı 33 yeni əmək müqaviləsinin bağlanılmasına nail olunub.

     “Bir pəncərə” qeydiyyat sistemi vasitəsilə hesabat dövründə 15 kommersiya hüquqi şəxs və 7 publik hüquqi şəxs dövlət qeydiyyatına, habelə 6 qeyri-kommersiya hüquqi şəxs vergi uçotuna götürülüb. Həmçinin bu dövrdə yerli vergi orqanları tərəfindən 1223 fiziki şəxs sahibkarlıq uçotuna alınıb ki, qeydiyyata alınan sahibkarlıq subyektlərinin 75,7 faizi muxtar respublikanın rayonlarının payına düşüb.

     Qeyd olunub ki, Dövlət Vergi Xidmətinin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşaraq, onların icrasının təmin edilməsi istiqamətində bütün tədbirləri həyata keçirəcəkdir. 
İclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti rəisinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov nəzərə çatdırıb ki, hesabat dövründə vergi ödəyicilərinə xidmət strukturları tərəfindən fiziki və hüquqi şəxslər tərəfindən daxil olmuş 2163 yazılı müraciət cavablandırılıb, vergi ödəyicilərinin və eyni zamanda muxtar respublika sakinlərinin maarifləndirilməsi istiqamətində vergi ödəyiciləri ilə 11 görüş keçirilib. Vergi ödəyicilərinin maarifləndirilməsi məqsədilə onların elektron ünvanına ümümilikdə 84 min 940 ədəd bildiriş və müraciətlər göndərilib.

Aparılmış maarifləndirmə işlərinin nəticəsidir ki, hesabat dövründə özəl sektorda 41 vergi ödəyicisi üzrə 336 işçinin əmək haqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib.
Hesabat dövrünə uyğun olaraq nağdsız ödənişlərin həcminin artırılması məqsədilə “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbir keçirilib, nağdsız hesablaşmalardan istifadə edərək 400 manatdan yuxarı məbləğdə nağdsız ödəniş aparan vətəndaşların ödədikləri məbləğə müvafiq olaraq 426 vətəndaşa 25 min manatlıq müxtəlif hədiyyələr təqdim edilib.

Sonra məruzə ətrafında digər çıxışlar dinlənilib.
Sonda Xidmətin kollegiya qərarı qəbul edilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti - ©2020

003922
Bu gün
Dünən
Bu ay
103
168
3922